Site icon Frame.az

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə 10 Gün Qalır: Həyəcan dolu rəqabət, bol əyləncə və unudulmaz anlar

Bakının səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi üçün geri sayım artıq başladı. Mürəkkəbliyi ilə seçilən və möhtəşəm şəhər görüntüsü ilə məşhur olan Bakı Şəhər Halqasında hazırlıqlar artıq yekunlaşır.

Sirr deyil ki, Bakı treki gözlənilməz nəticələri və yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. Yaxın finişlər, sürpriz podiumlar və ya trekdə baş verən insidentlərlə Azərbaycan Qran Prisi F1 təqvimində özünəməxsus yer tutub. Yarışın əsas hissəsi olan dünyaşöhrətli komandalar 10 gün sonra Bakı küçələrində yenidən qələbə uğrunda yarışacaqlar. Onların trekdə ötmə manevrləri, finiş xəttinə qədər qarşılaşdıqları maneələr Azərbaycanda yarışları izləmək üçün əsas səbəb ola bilər.

Hər il olduğu kimi, bu il də yarış həftəsonu yeniliklərlə gəlir. Son illər azarkeş sayı sürətlə artmaqdadır, onlar Bakı yarışını həyəcanla gözləyir. Bir çox tribunalara biletlərin hətta bir neçə ay öncədən bitməsi buna bariz sübutdur.

“Roaming ticket” kimi tanınan “Fan Zona Biletləri” bu il də satışa çıxarıldı. Bu biletlər yarışı izləməyə imkan verməklə bərabər Dənizkənarı Bulvar ərazisində əyləncə zonasından yararlanmaq istəyənlər üçün əla seçimdir. Azarkeşlər Formula 1-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcək. Burada xüsusi dizayn edilmiş oyunlar, qeyri-adi dekorlar, maskotlar, musiqili performanslar, istirahət guşələri, virtual reallıq təcrübələri, simulyatorlar və sair surprizlər yarış həftəsonunun həyəcanını daha da artıracaq.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü səbirsizliklə gözləyən azarkeşlər üçün ən möhtəşəm xəbərlərdən biri dünya şöhrətli ulduzların səhnə performanslarıdır.

Yarışın ilk günü – sentyabrın 13-də Cənubi Afrika musiqi prodüseri və DJ-i “Black Coffee” səhnəyə çıxacaq. Eyni gündə, Amerikanın məşhur aktyoru, komediyaçısı, prodüseri, reperi və bəstəkarı Uil Smit də öz musiqi proqramı ilə F1 azarkeşlərinə unudulmaz anlar yaşadacaq. Sentyabrın 14-də isə dünya musiqisinin superulduzlarından biri, çoxsaylı mükafatlar laureatı J Balvin Bakı səhnəsini coşduracaq.

Beləliklə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 bir neçə gün ərzində sizə həyəcan, əyləncə və möhtəşəm şoularla dolu unudulmaz bir təcrübə təqdim edəcək. Bilet əldə etməyə tələsin və siz də bu böyük idman tədbirinin bir parçası olun!

 

Exit mobile version