Britaniyalı yürüşçü, Formula W Series qadın çempionatında titul qazanan Ceymi Çedvik “The Sunday Times” qəzetinin versiyasına görə “İlin qadın idmançısı” nüfuzlu mükafatının finalçıları sırasına daxil edilib.
Frame.az xəbər verir ki, artıq 32-ci dəfə təqdim ediləcək mükafat idman sahəsinə gözəl nailiyyətlər bəxş edən zərif cinsin nümayəndələrinə veriləcək. Mükafatçılar həm idmançı, həm məşqçi, həm də yarışların təşkilatçıları, hətta bütöv komandalar da ola bilər. Beş kateqoriyanın hər birindən qaliblər onlayn səsvermə nəticəsində müəyyən edilir, səsvermədə arzulayan hər kəs iştirak edə bilər.
“İlin gənc qadın idmançısı” nominasiyasında yanvarın 1-dək yaşı 21-dən yuxarı olmayan qadınlar iştirak edir. Çedviklə yanaşı, skeybordçu Skay Braun, jokey Xədicə Mella və futbolçu Corciya Stenvey də ilk dördlüyə daxil ediliblər.
“Bu gün mən “İlin gənc idmançı qadını” mükafatının nominantları arasında olduğumu öyrəndim. Bu, həftə üçün əla sonluqdur. Çox sağ olun!”, – deyə Ceymi özünün “Twitter” səhifəsində bu xəbəri şərh edib.
İctimai səsvermə bir ay ərzində davam edəcək və noyabrın 18-i gecə başa çatacaq. Qaliblər noyabrın 21-nə təyin edilən təntənəli mərasimdə mükafatlandırılacaqlar.
Yeri gəlmişkən xatırladaq ki, Çedvik artıq Amerikanın “Women’s Sport Foundation” təşkilatı tərəfindən keçirilən “İlin qadın idmançısı” beynəlxalq müsabiqəsinin 10 finalçısı sırasına daxil edilib.