Fransanın Bordo şəhərində velosiped idmanının BMX növü üzrə Avropa çempionatına yekun vurulub. Yarışda Avropa Velosipedçilər Birliyinin rəsmi nümayəndəsi kimi Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, qurumun Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da iştirak edib.
Frame.az xəbər verir ki, 26 ölkədən müxtəlif yaş qrupları üzrə 1750 idmançının iştirak etdiyi Avropa çempionatından əvvəl komanda rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə çıxış edən Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirakçı ölkələrin təmsilçilərini birliyin Rəhbər Komitəsi adından salamlayaraq populyarlığı gündən-günə artan bu yarışların xüsusi önəm daşıdığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra çempionatın təşkili və BMX idmanının inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdən sonra gələn il avqustun 2-12-də Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək idmanın 6 növü (o cümlədən velosiped idmanının 4 növü) üzrə birləşmiş Avropa çempionatları və 2018-ci il iyunun 5-9-da Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatı haqqında təqdimatlar keçirilib.
Tədbir iştirakçılarına ölkəmiz, onun mədəniyyəti, Azərbaycanda idmana dövlət qayğısı, “Bakı-2015” ilk Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışı, “Tour d’Azerbaidjan” veloyürüşü və digər böyük idman tədbirləri barədə məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycanda keçiriləcək dünya çempionatını səbirsizliklə gözlədiklərini deyən Avropa milli federasiyalarının nümayəndələri böyük məmnuniyyətlə ölkəmizə səfər edəcəklərini bildiriblər.
BMX üzrə Avropa çempionatının kişilər arasında elit kateqoriyasında qalib olmuş fransalı Joris Dode və gümüş medalçı, hollandiyalı Tvan van Gendt “Bakı-2015” ilk Avropa Oyunlarında da müvafiq olaraq fəxri kürsünün ilk iki pilləsində qərarlaşmışdılar.