“İrəli” İctimai Birliyinin reallaşdırdığı “Gənclər kuboku” layihəsi çərçivəsində idmanın beş növü üzrə yarışlar başa çatıb.
Frame.az xəbər verir ki, layihənin ikinci həftəsində şahmat və stolüstü tennis yarışlarına start verilib. Həmçinin futbol, basketbol və voleybol yarışlarının növbəti mərhələsi keçirilib.
Şahmat yarışlarında “Texno”, “Dangerous” və “Nightmare” komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. Stolüstü tennis yarışı “Dangerous” komandasının qələbəsi ilə başa çatıb. “Universal” ikinci, “İqtisadçı” isə üçüncü olub. Futbol yarışında da uğurla çıxış edən “Dangerous” komandası finalda “Universal” ilə qarşılaşacaq. Basketbol yarışında “Boomerang” və “İsland” komandaları növbəti mərhələyə yüksəliblər. Voleybolda yarışının finalında isə “Texno” və “Rixos” komandaları üz-üzə gələcəklər.
Növbəti həftəsonunda idmanın digər növləri üzrə yarışlar keçiriləcək.
“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra etdiyi layihə çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərindən 10-u üzrə yarışlar təşkil olunur. Layihənin məqsədi bu yarışlar vasitəsilə IV İslam Həmrəyliyi Oyunlarını, habelə gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdır.