EventsFestivallarMusiqiTeatrTəqdimat

“Gəncliyin səsi” festivalına yekun vurulub

Hər il 2 fevral – Gənclər Günü münasibətilə ölkəmizdə çoxsaylı mədəni tədbirlər, incəsənət layihələri həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Gəncliyin səsi” festivalı da artıq ənənə halını alıb. Layihə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi məqsədi daşıyır. 2016-cı ildən etibarən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birlikdə keçirilir.

Frame.az xəbər verir ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə təşkil olunan növbəti festival beş gün davam edib.

Açılışı Beynəlxalq Muğam Mərkəzində reallaşan festivalda əvvəlcə respublikanın istedadlı gəncləri ötənilki fəaliyyətlərinə görə mükafatlandırılıb. Mükafatlandırılma mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də iştirak ediblər.

“ASAN Könüllüləri” Təşkilatının üzvlərinin də qatıldığı festival tədbirləri paytaxtla yanaşı, Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında da əlamətdar hadisələrlə yadda qalıb.

Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, foto və rəsm sərgiləri, habelə tamaşa və filmlərə baxılıb.

Festival çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, Sumqayıt Dövlət Dram Teatrında “ASAN Könüllüləri”nin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası təqdim olunub. Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Prezident təqaüdçülərinin konserti, həmçinin Quba regional “ASAN Həyat” kompleksində gənc rejissorlarla görüş keçirilib, onların filmləri izlənilib, gənclərin fotosərgisi açılıb.

Eyni zamanda, Masallı və İmişli regional “ASAN Həyat” komplekslərində də film və tamaşalar göstərilib. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gənc yazarlarla görüş, eləcə də Azərbaycan Dövlət Musiqili Teatrında “ASAN Könüllüləri”nin təqdimatında C.Cabbarlının “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirilib.

Bundan əlavə, gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olan “Gəncliyə töhfə” musiqi festivalı da reallaşıb.

Festival çərçivəsində təşkil olunan bir çox konsert proqramında gənc bəstəkarların əsərləri səslənib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!