Frame LifeSərgiTəqdimat

“Genosid-100” sərgisi ermənilər tərəfindən törədilən qanlı faciələrin mahiyyətini göstərir

“Genosid-100” sərgisi ermənilər tərəfindən törədilən qanlı faciələrin mahiyyətini göstərir. Sərgi Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən təşkil olunub.

Bu sözləri martın 29-da mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Qalereya 1969” sərgi salonunda “Genosid-100” adlı sərginin açılış mərasimində deyib. Yüz il bundan öncə mart-aprel aylarında erməni millətçilərinin mifik ideyalarını gerçəkləşdirmək məqsədilə daşnak-bolşevik silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınların törədildiyini deyən Ədalət Vəliyev söyləyib ki, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin bölgələrdə daşnaklar kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. On minlərlə dinc soydaşlarımız məhz etnik və dini mənsubiyyəti səbəbindən qətlə yetirilərək məkrli siyasətin qurbanı olublar. Nəticədə çoxsaylı yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar talan edilib.

Nazir müavini vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilərək martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

“Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın çoxsaylı mədəniyyət ocaqlarında bu münasibətlə tədbirlər təşkil olunur. Bu il də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Paytaxtla yanaşı, regionlarda da soyqırımı qurbanlarının xatirəsi yad ediləcək, tariximizin qan yaddaşı olan bu faciə bir daha xatırlanacaq”, – deyə Ə.Vəliyev qeyd edib.

Nazir müavini əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşan “Genosid-100” adlı sərgidə qalereyanın fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlər yer alıb. Sərgi Azərbaycan tarixinə faciəvi səhifələrdən biri kimi daxil olmuş soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil edilib.

Aprelin 3-dək davam edəcək sərgidə nümayiş olunan 30-dan çox sənət əsəri məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, Azərbaycana qarşı yürüdülən məkrli siyasətin mahiyyətini bir daha göstərir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!