FestivallarMədəniyyətOxu zalıTəqdimat

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin xatirəsi İstanbulda anıldı

Noyabrın 4-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Frame.az xəbər verir ki, mərasimdə rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatlar, elm və mədəniyyət adamları, tanınmış ədəbiyyatçılar, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitablarının təqdimatı olub.

Məlumat verilib ki, təqdim olunan kitablar görkəmli Azərbaycan şairinin 300 illiyi münasibətilə çap olunub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycandan və Türkiyədən olan professorlar Mahirə Quliyeva, Gülşən Seyhan Alışık və Eral Alışık, Vaqif şeirlərinin Ukrayna dilinə tərcüməçisi İvan Pavliin çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə qədim Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində məqbərə ucaldılması barədə mühüm qərar qəbul etməklə tarixin yaddaşlardan silinməsinin qarşısını alıb. Ulu Öndərimizin zəngin Azərbaycan ədəbiyyatının inkişafına və onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir.

Çıxışçılar Molla Pənah Vaqif yaradıcılığının nadir üslubu, şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra Ləman Qarayeva və Cəfər Mustafayev Vaqifin şeirlərindən nümunələr söyləyiblər.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev mərasimdə iştirak edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!