IdmanƏn SonƏyləncə

«GoSport»da «Qəbələ» günü baş tutdu

“Qəbələ” və GoSport Baku birlikdə daha bir layihəyə imza atıb.

“Qırmızı-qaralar”ın məşqçi heyəti və futbolçular ötən mövsüm UEFA Avropa Liqası zamanı “Port Baku Mall”da yerləşən “Go Sport” mağazasında azarkeşlər və media nümayəndələri ilə görüşmüşdüsə, bu dəfə tədbir Bakının ən böyük idman mağazası olan “Gənclik Mall”da yerləşən “Go Sport” mağazasında baş tutub. UEFA Avropa Liqasının pley-off mərhələsinin “Qəbələ” – “Maribor” (Sloveniya) oyunu ərəfəsində baş tutan görüşdə başməşqçi Roman Qriqorçuk, komandanın kapitanı Rəşad Sadiqov, bu yay transfer olunan legionerlər – Teo Uiks və Baqali Dabo iştirak ediblər. Görüş zamanı mağazada təşkil olunan klubumuzun rəsmi forma və aksessuarlarının satış nöqtəsi – “Gabala Korner”in təqdimetmə mərasimi keçirilib. Ardınca isə azarkeşlər və futbolçular arasında maraqlı müsabiqələr – “Play Station” turniri və masaüstü futbol yarışı baş tutub. Azarkeşlərlə futbolçuların qatıldığı yarışların qalibləri mükafatlandırılıb. Böyük marağa səbəb olan tədbirdə azarkeşlər baş məşqçi və futbolçularla xatirə şəkilləri çəkdiriblər.

Media nümayəndələri isə Roman Qriqorçuk və oyunçuların tədbir və qarşıdakı vacib qarşılaşma haqda fikirlərini öyrəniblər. Ukraynalı mütəxəssis belə görüşün vacibliyini qeyd edib: “Azarkeşlərlə görüşlər həmişə xoşdur. Belə tədbirlər ona görə vacibdir ki, futbolda daha yaxşı atmosfer yaradır”. Qriqorçuk “Maribor”la qarşılaşma haqda da fikirlərini bölüşüb: “Futbolçulara demişdim ki, “Lill”i keçsək, qrupa düşəcəyik. Bunu mənim inamım deyir. Oyunçular bunu xatırladığından məsuliyyətləri lazımi səviyyədədir. Maribor”un əsas üstünlüyü sürətli hücumlar təşkil etməsidir. Sloveniya klubunun futbolçuları rəqib qapısına çox sürətlə yaxınlaşmağı bacarır. Azarkeşlərin “Dalğa Arena”ya gəlməsinin çətin olduğunu bilirəm. Bizə onların dəstəyi lazımdır. Bu problem həll olunacaq. Azarkeş dəstəyi olanda “Qəbələ” daha yaxşı oynayır”.

Sadiqov “Gabala Korner”in açılmasını müsbət hal kimi dəyərləndirib və belə nöqtələrin olmasına münasibət bildirib: “Belə tədbirə qatılmaq çox xoş oldu. Klubun aksessuarlarının satışa çıxarılması sevindiricidir. Bütün klubların belə nöqtələrə malik olmasını arzulayıram”. Zədə səbəbindən “Maribor”la ilk oyunu buraxacaq komandamızın kapitanı Sloveniya təmsilçisi ilə matçlar haqda da fikirlərini açıqlayıb: “Qrup mərhələsinə düşmək istəyirik. Bu il daha iddialıyıq. Həm çempionata, həm Avropa Liqasına yaxşı başlamışıq. İki dəfə bu mərhələdə oynamışam. 3-cü dəfə buna nail olmaq istəyirəm. “Maribor” dəfələrlə qrupda oynayıb, ölkəsinin çempionu olub. Amma biz də iddialıyıq. Düşünürəm ki, mərhələ keçmək şansları bərabərdir. Fikrimcə, kim daha aqressiv oynasa, o da mərhələ keçəcək”

Qəbələ FK

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!