Site icon Frame.az

“Həyatımın rolu”

2016 -cı il oktyabrın 7-də 28 Mall-da yerləşən Cinema Plus-da gənc rejissor Əsgər Hüsüyevin 1992-ci il Qarabağ uğrundakı döyüşlərdə baş vermiş hadisəyə quruluş verdiyi “Həyatımın rolu” qısametrajlı filminin təqdimat mərasimi oldu. Mərasimə tanınmış incəsənət və mədəniyyət adamları, ziyalılar, müəllifin müəllimləri, sənət dostları, tələbə yoldaşları və media nümayəndələri qatılmışdılar. Qeyd edim ki, bu müəllifin diplom işidir. O Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Filmin sujet xətti gənc bir aktrisanın tibb bacısı rolunu dərindən mənimsəməsi üçün, könüllü olaraq cəbhədəki hospitalların birində tibb işçilərinə yardım etməsi, vətən uğrunda canından keçən əsgərlərimizin şücaətinə şahid olması və nəhayət həyatının ən böyük mənası, gələcəkdə isə ömür-gün yoldaşı olacaq insanla tanış olmasından bəhs edir. Əsgər Hüsüyev quruluşdan əlavə filmin operator işini də yüksək peşəkarlıqla yerinə yetirmişdir.Filmin ssenari müəllifləri Samir Camalın və Pərviz Seyidlinin baş vermiş real hadisəni dolğun surətdə qələmə almaları diqqətdən kənarda qalmırdı. Quruluşçu rəssam Qoşqar Fətəliyevin işi də yüksək qiymətləndirilməlidir. Bəstəkar Vüsal Namazlının bəstələdiyi musiqi filmin ovqatının və nəbzinin üst -üstə düşməsi və tamaşaçını özünə cəzb etməsi ilə yadda qaldı. Bu yerdə səs rejissoru və montaj edənin rolunu da xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə film çox dinamik alınmışdır.
Filmin kəskin sujet xətti tamaşaçıya bir an belə ekrandan ayrılmağa imkan vermirdi.Təbii ki, bu işin ərsəyə gəlməsində yuxarıda qeyd etdiyim insanlarla yanaşı, peşəkar aktyor oynunu da xüsusi vurğulamaq lazımdır.Baş rola Azərbaycan Respublikasının əməkdar artisti Gülzar Qurbanovanın çəkilməsi filmə xüsusi rəng qatmışdır desəm yanılmaram.Gülzar xanım tətəfindən filmin əvvəlində söylənən monoloq, elə ilk baxışdan filmin nə qədər çəkici və aktual olacağına bir işarə idi. Film vətənpərvərlik hisslərini təbliğ etməklə yanaşı, gənc nəslin düzgün yetişməsində də tərbiyəvi və maarifləndirici rol oynayır. Filmdə tanınmış aktyor Faiq Mirzəyev də rol almışdır.Əlbətdə filmin əsas rollarını gənc aktyor və aktrisalar ifa etmişlər.Filmdə komandir rolunu ifa edən əməkdar artist Bəhruz Vaqifoğlu və aktrisanın gənclik illərini canlandıran gənc aktrisa Raksana İmirli ifaları ilə tamaşaçıda böyük maraq yaratdılar. Həmçinin Şəhriyar Əbilov və Elvin Əhmədovun ifaları da yaddaqalan oldu. Bundan əlavə epizodlarda çəkilən aktyorların iştirakı da filmin ümumi ab-havasına uyğun idi. Filmdə Əsgər Hüsüyevə yaxından köməklik göstərən Nicat Zeynalov və Vasif İbrahimovun əməyi də xüsusi qeyd olunmalıdır. Və təbii ki, “Həyatımın rolu” qısametrajlı filminin əsrəyə gəlməsində böyük zəhməti olan prodüsser Azər Həsənovu xüsusi qeyd etmək lazımdır. Filmin premyerasının təşkilində zəhməti olan ADDIM gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadənin milli kinomuzun inkişafına və gənclərin maraqlı layihələrinə dəstək verməsi təqdirəlayiqdir. Hüseyn Cavadzadə ADDIM gənclər təşkilatının gələcəkdə, belə layihələrə dəstək verəcəyini vurğuladı. Filmə baxışdan sonra tamaşaçıların yaradıcı heyəti ayaq üstə alqışlamaları “Həyatımın rolu” nun kinosevərlər tərəfindən müsbət qarşılanmasından və gələcəkdə uğur qazanacağından xəbər verirdi.Məncə bu təkcə onların deyil, hamımızın qələbəsi idi. Çöhrələrində sevincləri və kövrəlmələri eyni anda hiss olunan bu gənclər inanıram hələ bizi neçə -neçə sənət əsərləri ilə valeh edəcəklər. Zənnimcə bu istiqamətdə inkişaf edən milli kinomuz tezliklə belə istedadlı, savadlı və vətənpərvər gənclərimizin hesabına daha da təkmilləşəcək və dünyəviləşəcək. Yolunuz açıq və işıqlı olsun milli kinomuzun gənc fədailəri!
P.S
Təəssüflər olsun ki, çəkiliş vaxtı yaradıcı heyətə bir sıra süni çətinliklər yaradanlar da tapılmışdır…..
Frame.az
Exit mobile version