“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə qeydiyyat tarixi 17 fevraladək uzadıldı!
“TeknofestAzərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində tələbələr üçün nəzərdə tutulmuş “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) müsabiqəsinə qeydiyyat davam edir.
Məlumat üçün bildiririk ki, “TeknofestAzərbaycan” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “Teknofest“in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Festivalın önəmli müsabiqələrindən biri olan “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) tələbələrin kosmik sahədə nəzəri və yeni praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və onun idarə olunması sahəsində yerli mütəxəssislərin hazırlanması məqsədini daşıyır.
Sözügedən müsabiqə tələbələrin mexanika, elektronika və proqramlaşdırma sahələrindəki baza biliklərinin formalaşmasına təkan verəcək. Bundan əlavə, tələbələr komanda işi, təqdimat və planlaşdırma bacarıqlarını təkmilləşdirə biləcəklər.
Tələbələrdən ibarət komandalar B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.
Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.
Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/
Əlavə məlumat əldə etmək üçün:
050 251 40 28
office@teknofest.az
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.