Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi, məşhur kamança ustası, Xalq Artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Frame.az xəbər verir ki, tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Gecənin aparıcısı Əməkdar İncəsənət Xadimi İlham Rəhimli tədbiri açıq elan edərək Habil Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərindən danışıb. Bildirib ki, muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsil məktəbdir.
Qeyd olunub ki, milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər alıb, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Tədbirdə Xalq Artisti Firəngiz Əlizadə vurğulayıb ki, ötən əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapıb. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirmişdir. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib.
Bildirilib ki, Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub.
Xalq Şairi Nəriman Həsənzadə deyib ki, Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırıb. Daim ciddi yaradıcılıq axtarışları aparmış novator sənətkarın musiqi xəzinəmizi zənginləşdirən həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur.
Diqqətə çatdırılıb ki, təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib.
Tədbir daha sonra konsert proqramı ilə davam edib.
Konsertdə Xalq artistləri Aygün Bayramova, Mənsum İbrahimov Əməkdar Artist Ehtiram Hüseynov və başqaları muğam və təsniflər ifa ediblər.