Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) Elmi şuranın illik hesabat iclası keçirilib.
Hesabatı ETİ-nin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli təqdim edib. Qeyd olunub ki, Elm Tarixi İnstitutunda cari ildə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülmüş, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir.
Belə ki, il ərzində İnstitut tərəfindən elm tarixinin müxtəlif profillərində tədqiqatlar aparılmış, 7 kitab çap edilmiş, onlardan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən qrant layihəsi çərçivəsində hazırlanmış “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” və “Bakı Dövlət Universitetinin tarixi” kitabları geniş-elmi ictimaiyyətə təqdim olunmuşdur. Üç kitab isə tam hazır vəziyyətdə çapa verilmişdir. İnstitutun əməkdaşları tərəfindən il ərzində ümumilikdə 40-dan çox məqalə işlənilmişdir ki, bunlardan 9-u “İmpact Faktor”, “Thomson Reuters” kimi xarici indeksli jurnallarda dərc edilmişdir.
M.Seyidbəyli bildirib ki, İnstitut əvvəlki fəaliyyətinin davamı olaraq 2019-cu ildə də beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. Cari ildə elmi mübadilənin inkişafı istiqamətində Polşa Elmlər Akademiyasının (PEA) Elm Tarixi İnstitutu ilə bağlanan anlaşma memorandumu, Çin Elmlər Akademiyasının Təbiət Elmlərinin Tarixi İnstitutu ilə birgə “İpək yolu sivilizasiyası və elmi-texniki mübadilə” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi bu qəbildəndir. İl ərzində İnstitutun əməkdaşları Rusiya, Türkiyə və Qırğızıstanda keçirilmiş bir sıra beynəlxalq elmi konfranslarda, simpoziumlarda, həmçinin respublika əhəmiyyətli seminarlarda iştirak edərək məruzələrlə çıxış ediblər.
Elmi müəssisənin həyata keçirdiyi tədbirlər barədə məlumat verən direktor vurğulayıb ki, İnstitut öz fəaliyyətində elmi istiqaməti əsas götürməklə yanaşı, vətəndaşlıq mövqeyini də unutmur. Zəruri elmi seminarların təşkili ilə yanaşı, il ərzində ölkə əhəmiyyətli əlamətdar tarixlərin qeyd edilməsi buna əyani sübutdur. 2019-cu ildə Azərbaycan Turizm və Menecment İnstititutunun bir qrup tələbəsinin AMEA Elm Tarixi İnstitutunda istehsalat təcrübəsi keçdiyini bildirən M.Seyidbəyli qeyd edib ki, arzu edən digər ali təhsil ocaqlarına da qapımız açıqdır. Bildirilib ki, bu ildən etibarən əməkdaşların dil bilgilərini təkmilləşdirmək məqsədilə müəssisənin daxili imkanları hesabına İnstitutda xarici dil (ingilis, fransız, ərəb) kursları təşkil olunub.
2019-cu ildə Elm Tarixi İnstitunun fəaliyyətinin sosial şəbəkələrdə və KİV-də daha çox işıqlandırıldığını, media ilə əlaqələrin intensivləşdiyini qeyd edən M.Seyidbəyli cari ildə İnstitutun 3 – Azərbaycan, rus, ingilis dillərində yayımlanan veb saytının (http://historyofscience.az/) istifadəyə verildiyini də diqqətə çatdırıb.
Daha sonra ETİ Elmi şurasının üzvü AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor Könül Bünyadzadə və digərləri çıxış edərək hesabata münasibət bildiriblər.
Tədbirdə Elm Tarixi İnstitutunun elmi tədqiqat predmeti, problematika və metodologiyası və digər nəzəri məsələrlə bağlı müəyyən təkliflər səsləndirilib.
Müzakirələrdən sonra səs çoxluğu ilə İnstitutun 2019-cu il üzrə fəaliyyəti uğurlu hesab olunub.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35
Frame.az