Site icon Frame.az

Heydər Əliyev Beynəlxalq Aeroportuna dünyanın ən nüfuzlu mükafatı təqdim olunmuşdur

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”-un maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür.

Təntənəli mükafatlandırma mərasimi mayın 7-də Bakıda keçirilmişdir. Mərasim çərçivəsində həmçinin Bakı hava limanının girişində yerləşən və onun 5 ulduz statusunu simvolizə edən stelanın açılışı baş tutmuşdur. Tədbir iştirakçıları eyni zamanda yeni aerovağzal kompleksi Terminal 1-də yaradılan şəraitlə də tanış olmuşlar.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı bütün dünya üzrə bu ən yüksək statusa cəmi 8 aeroport layiq görülmüşdür.

“Bizim hər bir növbəti qələbəmiz ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə, eləcə də bütün kollektivin gərgin əməyinə böyük diqqət və qayğısının göstəricisidir. “Skytrax” kimi nüfuzlu audit şirkəti tərəfindən ən yüksək qiymətləndirməyə layiq görülmək həm Azərbaycanın mülki aviasiyası, həm də ümumiyyətlə ölkə üçün çox böyük nailiyyətdir. “5 ulduz” reytinqi son illərdə ölkəmizdə bu sahənin inkişafı üzrə görülən böyük işlərin bariz nümunəsidir”, – deyə “Azərbaycan Hava Yolları”nın Prezidenti Cahangir Əsgərov bildirmişdir.

“Heydər Əliyev Beynəlxalq Aeroportunu bu böyük nailiyyət – 5 ulduzlu regional aeroport reytinqinə layiq görülməsi münasibətilə təbrik edirəm. Bu yüksək qiymətləndirmə müştəri xidməti sahəsində böyük keyfiyyət nişanıdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbərliyi son üç ildə genişmiqyaslı iş aparmışdır və nəticədə regional aeroport üçün ən yüksək qiymətləndirməyə nail olmuşdur”, “Skytrax”-ın baş direktoru Edvard Pleysted qeyd etmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü il 23 aprel tarixində istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Yeni terminalın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərkən vurğulamışdır ki, hava nəqliyyatının inkişafı Azərbaycanda dövlətin öz dəstəyini əsirgəmədiyi prioritet məsələlərdən biridir. “Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılmışdır. Çox rahat istirahət zonaları, ictimai yerlər, böyük hollar tikilmişdir. Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir”, – deyə dövlət başçısı qeyd etmişdir.

Son bir neçə ildə Azərbaycan paytaxtının hava limanı sərnişin dövriyyəsinin stabil artımını nümayiş etdirir. 2017-ci ildə sərnişin axını 4 milyon nəfərdən çox olmuşdur. 30-dan çox aviaşirkət 40-dan artıq müxtəlif istiqamət üzrə Heydər Əliyev Beynəlxalq Aeroportundan müntəzəm və çarter reysləri yerinə yetirir.

Qeyd edək ki, “Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən aeroportların qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə “Skytrax” həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirmişdir.

Frame.az

Exit mobile version