Martın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq “Heksameron” əsəri altı ölkə pianoçularının birgə ifasında təqdim ediləcək. Heydər Əliyev Mərkəzindən Frame.az-a bildirilib ki, konsert proqramında ölkəmizlə yanaşı, ABŞ, Almaniya, Çin, Rusiya və Yaponiyadan olan tanınmış pianoçular iştirak edəcəklər.
Konsert proqramında “Heksameron” əsərini ölkəmizdən Murad Hüseynov, ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada altı royalda ifa edəcəklər. Tanınmış pianoçuları konsertdə Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək. Repertuara, eyni zamanda, pianoçuların solo və orkestrlə çıxışları da daxildir.
Qeyd edək ki, “Heksameron” fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin “Puritanlar” operasından “Puritan marşı” mövzusunda altı variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən bu əsər dünyada nadir hallarda ifa olunur. Əsərin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və strukturu, altı bəstəkarın həmmüəlliflik konsepsiyası da bununla bağlıdır.
Görkəmli bəstəkar və pianoçu Ferens List 1837-ci ildə beş həmkarı ilə birgə “Puritanlar” operasından “Puritan marşı” mövzusunda variasiyalar işləyib. Ferens List giriş, bir variasiya, keçid elementləri və finalı bəstələyib, həmçinin bütün pyesləri vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri tanınmış bəstəkar-ifaçılar Frederik Şopen, Karl Çerni, Anri Herts, İohan Peter Piksis və Siqizmund Talberq olub.
Əsər ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Ferens List daha sonra onu fortepiano və orkestr üçün işləyib.
Konsertə biletlərin qiyməti 20, 30, 50, 70 və 100 AZN-dir. Biletləri Mərkəzin kassası və iTicket.az satış məntəqələrindən və saytından əldə etmək olar.
Murad Hüseynov Azərbaycanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatıdır. Fransa, Böyük Britaniya, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan, Latviya, Çin və digər ölkələrdə Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil edib. İ.S.Bax adına Beynəlxalq klassik musiqi festivalı (İstanbul, 2000-ci il), Fortepiano festivalı (İstanbul, 2000-ci il), Fortepiano festivalı (Xirosima, 2002-ci il), “Musiqili Kreml” festivalı (Moskva, 2004-cü il) və digər nüfuzlu tədbirlərdə iştirak edib. London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri, İsrail Simfonik Orkestri, Xirosima Simfonik Orkestri, “Yeni Rus kvarteti” kimi bir sıra tanınmış orkestr və kollektivlərlə birgə konsertlər verib. 2011-ci ildə Fransa Senatının medalı, 2012-ci ildə isə bu ölkənin “İncəsənət və ədəbiyyat” ordeni, həmçinin Macarıstanın “Ləyaqət ordeninin cəngavərlik xaçı” ilə təltif edilib.
Nikolas Rot Şimali və Cənubi Amerikada, Avropa və Asiyada mahir ifaçı və pedaqoq kimi tanınır. Tortona və Pietra Liqure şəhərlərində keçirilmiş kamera musiqisi müsabiqələrində mükafatlar qazanıb.
Almaniyalı pianoçu Katarina Troytler Avropa, Asiya və ABŞ daxil olmaqla dünyanın əksər yerlərində solo konsertlər verib. Solist kimi London Simfonik Orkestri, San-Fransisko Simfonik Orkestri, Tokio Filarmoniya Orkestri, Baltimor Simfonik Orkestri, Reyn Filarmoniya Orkestri, San-Diyeqo Simfonik Orkestri, Stokholm Filarmoniya Orkestri kimi tanınmış musiqi kollektivləri ilə çıxış edib. Almaniyada Braunşveyq klassik festivalı, Kiprdə Faros beynəlxalq kamera musiqisi festivalı kimi nüfuzlu tədbirlərə dəvət alıb.
Çinli pianoçu Yundi Xu Parisdə keçirilən 20-ci “Alov” və gənc pianoçuların “Steynvey” (“Steinway”), Polşada 12-ci beynəlxalq Şopen, Belçikada 36-cı Andre Şarle müsabiqələrində birinci yer qazanıb. ABŞ-da 1-ci Olqa Kern Beynəlxalq Piano Müsabiqəsində Vladimir Spivakov Xeyriyyə Fondunun xüsusi mükafatına layiq görülüb. Müxtəlif festivallarda, Fransa, Polşa, Rusiya, Tayvan və ABŞ-da konsertlərdə çıxış edib.
Rusiya Federasiyasından olan Rustem Saytkulov dünyada tanınmış pianoçudur. O, Sürixdə Geza Anda, Parisdə Marqarita Lonq adına və digər müsabiqələrin laureatı, Roma və Monte-Karloda isə pianoçuların müsabiqələrində qalib olub. Çin, Yaponiya, Argentina, Braziliya, Çili, ABŞ, Kanada, Meksika, Cənubi Afrika Respublikası, Avstraliya, eləcə də Avropanın ən nüfuzlu zallarında konsertlər verib. London, Paris, Sankt-Peterburq, Praqa, Sürix, Pekin və Tokionun böyük simfonik orkestrləri ilə çıxış edib.
Yaponiyalı pianoçu Atsuşi İmada Böyük Britaniya, Fransa, Belçika, Almaniya, Braziliya və Yaponiyada çıxış edib. Bir sıra beynəlxalq festivalların iştirakçısı, o cümlədən Yaponiyada keçirılmiş müxtəlif musiqi yarışmalarının, 2016-cı ildə Belçikada Kraliça Yelizaveta müsabiqəsinin, 2018-ci ildə Şopen Fondunun laureatı olub.