Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək.
Frame.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.
“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunacaq “Oxu Günü”nə tanınmış yazıçı və şairlər dəvət olunub. Tədbir iştirakçılarının yazarlarla görüşmək və kitablarını imzalatmaq imkanı olacaq.
“Oxu Günü”ndə, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olacaq.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçiriləcək. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılacaq, həm də güzəştli şərtlərlə satılacaq.
“Oxu Günü” tədbirinə giriş sərbəstdir.