EventsFestivallarMədəniyyətTəqdimat

Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub

Noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” adlı təntənəli yubiley gecəsi keçirilib.

Frame.az xəbər verir ki, əvvəlcə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dünyaşöhrətli bəstəkarın ömür yolu və zəngin yaradıcılığı haqqında danışıb. Bildirib ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb: “Görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. İlin əvvəlindən başlayaraq həm Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda Fikrət Əmirova həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində bəstəkara həsr olunmuş Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun çapı, UNESCO-nun Baş Qərargahının konsert zalında baş tutan konsert proqramını xüsusilə qeyd etmək olar. Onu da vurğulamaq olar ki, noyabrın 12-dən etibarən görkəmli bəstəkarın 100 illiyinə həsr olunmuş musiqi festivalına start verilib. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Bu festival çərçivəsində uzun illərdən sonra ilk dəfə olaraq “Sevil” operası Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub. Bu çox böyük tarixi hadisədir. Günümüzdə ölkəmizin musiqi incilərindən, qızıl fondundan danışarkən Fikrət Əmirovun adı ilk olaraq xatırlananlar sırasındadır. Onun milli irsimizə miras qoyduğu musiqi əvəzolunmazdır. F.Əmirov məhz o sənətkarlardandır ki, onun hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Onun musiqisi böyükdən kiçiyə hər kəsin zövqünü oxşayır. Bəstəkarın musiqisinin janr dairəsi çox geniş olsa da, simfonik musiqi onun yaradıcılığında aparıcı rol oynayır. Onun Azərbaycan musiqisinə bəxş etdiyi simfonik muğam janrı bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir. Fikrət Əmirovun simfonik muğamlarında cəlbedicilik özünü doğruldaraq musiqisevərlərin qəlbində dərin izlər qoyub”.

Nazir müavini Fikrət Əmirovun təməlini qoyduğu simfonik muğam janrının “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunduğunu və hələ 50-ci illərdə sovetlər birliyi dövründə ölkə hüdudlarından kənarda, ABŞ-da “Karnegi holl”da “Şur” və “Kürd Ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin mötəbər uğurları sırasında yer alan tarixi bir məqam olmasını vurğulayıb. V.Əliyev bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegi holl”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbir keçirildiyini qeyd edib: “Bəstəkarın “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası” onun musiqi irsinin dəyərli səhifələridir. F.Əmirov C.Cabbarlının eyniadlı dramı əsasında yazdığı “Sevil” operası ilə Azərbaycanda ilk lirik-psixoloji operanın əsasını qoyub. 1979-cu ildə səhnəyə qoyulan ərəb nağıllarının əsrarəngiz aləmindən bəhs edən “Min bir gecə” baleti isə bəstəkarın yaradıcılığının xüsusi mərhələsini təşkil edir. Uzun illərdir dünyanın ən mötəbər teatrlarının səhnəsini bəzəyən bu balet bəstəkarın yaradıcılıq irsinin zirvəsidir desək yanılmarıq. F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. Fortepiano üçün “12 miniatür”, müxtəlif pyeslər, “Ulduz”, “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və digər romans və mahnıları bu gün də konsertlərin repertuarını bəzəyir”, – deyə mədəniyyət nazirinin birinci müavini bildirib.

Daha sonra təntənəli yubiley gecəsində bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayev, dirijorlar, Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Əyyub Quliyev və Mustafa Mehmandarovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı, həmçinin balet truppasının bədii rəhbəri Xalq artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, solistlər – Xalq artistləri Alim Qasımov, Yeganə Axundova, Samir Cəfərov və başqaları çıxış ediblər.

Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!