MədəniyyətTəqdimat

Hindistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna Beynəlxalq Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov  Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.
Direktor artıq bir neçə aydır ölkəmizə təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq  Hindistanla mədəniyyət sahəsində mövcud əməkdaşlıqda Beynəlxalq Muğam Mərkəzi ilə birgə layihələrin də mühüm əhəmiyyətini diqqətə çatdırıb.  Beynəlxalq Muğam Mərkəzin fəaliyyəti haqında məlumatı  qonağın diqqətinə çatdıraraq bildirib ki, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmişdir.
Ölkə Prezidentinin və Birinci vitse Prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan muğam sənəti bütün dünyada tanınır və sevilir.  2005-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirildi və Bakı şəhərində Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilib. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin təntənəli açılışını etdilər.
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Direktor həmçinin Muğam Mərkəzinin beynəlxalq əlaqələri ilə bağlı danışarkən bildirib ki, BMM səfirliklərlə sıx əməkdaşlıq edir, konsert fəaliyyəti ilə bərabər bir sıra irimiqyaslı beynəlxalq layihələr də həyata keçirir. Vurğulayıb ki, böyük uğurla gercəkləşən “Etnomusiqi inciləri” layihəsi bu sıradandır. Layihəni Beynəlxalq Muğam Mərkəzi ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə birgə reallaşdırır.
Görüş zamanı səfirliklə Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Muğam Mərkəzlə Hindistanın yaradıcı ittifaqları arasında qarşılıqlı olaraq etnik musiqinin, xalq yaradıcılığı və folklor musiqisinin təbliği və birgə fəaliyyət istiqaməti mövzusunda məsələlər müzakirə edilib. Əməkdaşlıq çərçivəsində sərgi, elmi-tədqiqat və konsert layihələrin keçirilməsi ilə bağlı danışıqlar aparılıb.
Səfir Bavitlunq Vanlalvavna ölkələrimiz arasında mədəni əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini bildirib. Fəaliyyəti dövründə iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini əsirgəməyəciyini diqqətə çatdırıb.  Səfir BMM-nin fəaliyyətini yüsək dəyərləndirərək, birgə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Cari lin aprel ayında Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “İnci” qanun qrupu  Hindistanın Jodhpur şəhərində keçirilən “World Sacred Spirit” festivalında uğurla iştirakından söz açaraq ənənəvi olaraq bu səfərlərin təşkilinin vacibliyini vurğuladı.  Daha sonra səfir Beynəlxalq Muğam Mərkəzinin sərgi salonunu ziyarət edib.  Görüş qarşılıqlı layihələrin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, bu günə kimi BMM -nin “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM –nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib. Xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!