İnsan dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələrin təsiri altında olur. Zamanla yalnız özünə lazım olan tərəflərə meyl edir, görmək istədiyini görür, eşitmək istədiyini dinləməyə çalışır. Amma yenə də ətraf aləm bizə təsir edir. Bu fakt qaçılmazdır. Ən qəribə hal odur ki, çox zaman biz qeyri-ixtiyarı hafizəmizə daxil olan hadisələrin təsiri altında daha çox qalırıq. Bu niyə belədir? Bizim qavramamız daha çox emosiyaların təsiri altında olduğu üçünmü belədir? Biz emosiyaların təsiri ilə həyəcanlandığımız üçün belə qavrayırıq? Bəzi müsir nəzəriyyələr emosiyanı əsasən koqnitiv proseslərlə şərtləndirilmiş reksiya kompleksi kimi qəbul edirlər.
Elmi araşdırmalar əsasında koqnitiv proseslərin emosional asılılıqları haqqında ümumi təsəvvürlər formalaşmışdır. Bu təsəvvürlər aşağıdakından ibarətdir: a) insan hər şeydən əvvəl və üstün dərəcədə rasional (səmərəli) varlıqdır, b) rasional başlanğıc insan üçün xeyirli və faydalıdır, emosional isə ona zərər verir və mane olur, c) ağıl (koqnitiv proseslər) emosiyanın nəzarətinə və əvəzolunmasına xidmət etməlidir. Gəlin bu sadalanan təsəvvürlərin təhlilini verək: a) İnsan hər şeydən əvvəl və üstün dərəcədə rasional (səmərəli) varlıqdır – insan yegənə canlı varlıqdır ki, dərk edərək qavramağa çalışır. Baş verən hər bir şeyin səbəbini axtarır. Hardan, niyə, nə üçün sualları insan övladını müasir gördüyümüz məqama gətirib və bu təbiidir.
İnsan yalnız o zaman təsadüflərə inanamağa məcbur olur ki, baş verənlərin izahını vermək iqtidarına sahib deyil. b) Rasional başlanğıc insan üçün xeyirli və faydalıdır, emosional isə ona zərər verir və mane olur – bunu izah etməzdən əvvəl qeyd etmək lazımdır ki, əksər məqamlarda həqiqətən də belədir. Sadəcə intuisiya məsələsində mübahisəli məqamlar vardır. Bəli, insan emosional gərginlik yaşadığı zaman rasional düşünmək iqtidarına sahib olmur və düzəlməsi çətin olan səhvlərə səbəbkar olur. c) Ağıl (koqnitiv proseslər) emosiyaya nəzarət etməli və əvəzolunmasına xidmət etməlidir – el arasında belə bir ifadə var: “Əsəb qalxanda qan qaralar, əsəb enəndə üz.” Əgər ağıl bu işdə iştirak etsəydi təbii ki, fərqli mənzərə olardı.
Bəzən emosiyaları idarə etmək üçün çox güclü insan olmaq lazımdır. Əsəbi olduğumuz zaman düşünərək davranmaq həm böyük təcrübə, həm də böyük səbr tələb edir. İnsan nə qədər rasional olmağa çalışsa da o yenə də emosional varlqdır. Hisslərin tamlğı üçün onların ehtiyacını ödəmək lazımdır. Hisslərin ehtiyacı insanların dünyagörüşü və zövqünə uyğun olaraq dəyişir. Onların ödənilməməsi zamanı insanın davranış tərzi fərqli olur: dini-əxlaqi bilgisinə, sosial vəziyyətinə, sinir sisteminin fiziologiyasına görə, həyat tərzinə və psixoloji hazırlıq səviyyəsinə görə. Ardını davam etdirəcəyimiz bu məqaləni bu nömrə üçün müvəqqəti tamamlayırıq. Sonda qeyd edək insan həm fiziki, həm anatomik, həm də psixoloji baxımdan ən mürəkkəb bir varlıqdır. O hələ də tam kəşf edilməmişdir.