EkologiyaFrame LifeSağlamlıqTəqdimat

“HORECA Pet Collection” layihəsi illik hesabatını təqdim edilib

Coca-Cola Azərbaycan şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən HORECA Pet Collection ekoloji layihəsi bir illik fəaliyyyətinə dair yekun hesabatını təqdim edib. Coca-Cola şirkətinin “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıları toplamağı nəzərdə tutur.

Layihənin icra olunmasında məqsəd istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır. Layihəyə Bakı şəhəri ilə yanaşı, Abşeron, Sumqayıt, Mingəçevir və Qəbələdə yerləşən müəssisələr də cəlb olunub. 

Bir il ərzində Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən 200 müəssisə, Mingəçevir və Qəbələdən isə doqquz müəssisə layihəyə qoşulub. Ümumilikdə 45 tona yaxın plastik toplanaraq təkraremal müəssisələrinə yönləndirilib. 

İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall, Metro Park, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Dövlət Sərhəd Xidmətinin İdman Kompleksi, ASAN Xidmət Mərkəzləri, Park Cinema, CinemaPlus kinoteatrları, avtoservislər, “Shaurma N°1”, ‘’Cafe City” və digər restoranlar da qoşulub. Müəssisələrə plastik tullantılar üçün qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb. 

Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova bildirib ki, Coca-Colanın “Tullantısız Dünya” proqramı plastik tullantıların təbiətə təsirinin azaldılmasına böyük töhfə verir:  “Coca-Cola Azərbaycan olaraq Horeca Pet Collection layihəsinə start verəndə hədəfimiz bir il ərzində 20 ton plastik tullantını təkrar emala yönləndirmək idi. Sevindirici haldır ki, müəssisələr və vətəndaşlar layihəyə böyük maraq göstərdilər və bir ilin yekununda toplanan plastiklərin ümumi həcmi 40 tonu ötdü. Növbəti il üçün hədəfimiz hazırki nəticənin iki qatına nail olmaqdır”. 

Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.

Xatırladaq ki, Coca-Cola Azərbaycan şirkəti bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi  və digər tərəfdaşlarla birlikdə ekoloji isitaqmətdə  “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq”, “Recyclaton” kimi bir sıra layihələr icra edib. Ümümilikdə həmin layihələrdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb və tullantıların təbiətə təsirini azaltmaq məqsədilə ideyalar dəstəklənib. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!