İki boksçumuz ilin ilk beynəlxalq turnirində finala yüksəlib

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışına start verilib. İlin ilk beynəlxalq turnirinin birinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Frame.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, komandamızın 3 üzvü rinqdən qələbə ilə ayrılıb. Yarımfinal çərçivəsində macarıstanlı Patrisiya Petrimanla üz-üzə gələn Banuçiçək Nəsirli (46 kq) rəqibini 4:1 hesabı ilə məğlub edib. Yeniyetmələr arasında mübarizə aparan idmançımız finalda Roksana Talpasla (Macarıstan) döyüşəcək. Görüş yanvarın 21-də olacaq.

Gənclər arasında qüvvəsini sınayan Lalə Mədətova (48 kq) da mərhələ adlayıb. O, finala gedən yolda Briana İonitadan (Rumıniya) üstün olub – 3:2. L.Mədətova yanvarın 19-da baş tutacaq həlledici görüşdə komanda yoldaşı Aysu İsmayılovaya qalib gələn rumıniyalı Mihaela Badesku ilə üz-üzə gələcək.

Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən Aynur Mikayılova da qələbə qazanıb. O, dörddəbir finalda macarıstanlı Laura Horvatı 5:0 hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkəcək.

Digər gənc boksçumuz Nərmin Əlizadə (50 kq) yarımfinalda Sanya Mitiçlə (Serbiya) qarşılaşıb və rəqib mərhələ adlayıb. Nəticədə həmyerlimiz yarışı bürünc medalla bitirib.

Qeyd edək ki, 13 ölkədən 100-dən çox boksçunun qatıldığı Millətlər kuboku yarışının ikinci günündə Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə başlayacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: