Baku City CircuitFormula 1IqtisadiyyatTəqdimatƏn Son

İkinci karyera yarmarkasına start verilib

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Akademiyasında bu şirkətlə Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı əsasında keçirilən “Böyük imkanlara kiçik addım” adlı 2-ci karyera yarmarkasının açılışı olub.Açılışda BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova və “AmCham Azərbaycan”-ın icraçı direktoru Natəvan Məmmədova çıxış ediblər.

Tədbirdə açılış nitqi söyləyən İranə Əhmədova iştirakçıları salamlayıb və BŞH Akademiyasının gənclər üçün yaratdığı imkanlar barədə iştirakçılara ətraflı məlumat verib. BŞH rəsmisi gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirə qatılan şirkət və qurumlara rəhbərlik etdiyi akademiya adından təşəkkürünü bildirib:

“Gənclərin inkişafı qarşımızda duran mühüm vəzifələrdəndir. BŞH Akademiyası olaraq bu istiqamətdə mühüm işlər görürük və buna davam edəcəyik. Yarmarka BŞH-nin korporativ sosial məsuliyyət tədbirlərindəndir. Əsas məqsəd işaxtaran gənclərə nüfuzlu şirkətləri tanıtmaq və onlara karyera quruculuğunda dəstək olmaqdır. Ötən il keçirilmiş ilk yarmarkaya gənclərimizin marağı çox olmuşdu və bu səbəbdən belə yarmarkanı 2-ci dəfə keçirməyi qərara aldıq. İlk yarmarkanın nəticəsi olaraq 100-dən çox gənc müxtəlif şirkətlərdə, o cümlədən BŞH-də işçi olmaq şansı əldə etdi”.

Daha sonra çıxış edən Natəvan Məmmədova rəhbərlik etdiyi qurumun Azərbaycanda insan resursları sahəsinə böyük töhfələr verdiyini bildirib: “Çox məmnunam ki, ölkəmizdəki iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiq olunmasına çalışırlar. Qeyd etmək yerinə düşər ki, palatamızın tərkibində ən fəal olan komitələrdən biri də məhz “İnsan Resursları” komitəsidir. Təsadüfi deyil ki, bu komitə öz sahəsində ən çox tələb olunan platformalar sırasındadır. Ümid edirəm ki, bügünkü tədbir işəgötürənlərlə işaxtaranlar arasında səmərəli əlaqə yaradacaq. Eyni zamanda bu yarmarka ölkəmizin əmək bazarına töhfə vermək və məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüşünə və tanışlığına imkan yaratmaq baxımından xüsusi əhəmiyyətə malikdir”.

Açılışın sonunda tədbirə işəgötürən qismində qatılan 30-a yaxın şirkət və qurum işaxtaran gənclərə yarmarkaya çıxarılan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verib. İki gün davam edəcək (29-30 oktyabr) yarmarkaya ümumilikdə 1500-ə yaxın gəncin gələcəyi gözlənilir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!