Site icon Frame.az

İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir

Noyabrın 6-dan 11-dək “YARAT” Müasir İncəsənət Məkanı Bakının bir sıra sayılıb-seçilən məkanlarında ikinci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək. Festivalla bağlı sentyabrın 24-də “YARAT”da mətbuat konfransı baş tutub.

Frame.az xəbər verir ki, mətbuat konfransında “YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers, Mədəniyyət Nazirliyinin sektor müdiri Şaiq Səfərov və layihənin bədii rəhbəri Kamran Şahmərdan Beynəlxalq Teatr Festivalı ilə bağlı məlumat verərək, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Bildirilib ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi götürülən M.A.P. festivalının adı, musiqi, incəsənət və perfomans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirdiyini vurğulayıb: “Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə perfomansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik”.

Festival çərçivəsində Kamran Şahmərdan Aleksandr Vampilovun eyniadlı pyesi əsasında “Ördək ovu” tamaşasının təqdim ediləcəyini söyləyib. Onun sözlərinə görə, XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli əsərlərindən birinin əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın “Vene” teatrında baş tutub.

Diqqətə çatdırılıb ki, festival proqramının açılışı İtaliyanın “NoQraviti” teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidisiplinar tamaşa ilə başlayır. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar. Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağızadənin rəhbərliyi altında, Yozef Haydnın “Kimsəsiz ada” operasının müasir versiyasını təqdim edən əfsanəvi Mariinski teatrının çıxışı festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın “La Verità” (“Həqiqət”) akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri “Qoqol-mərkəzi”nin Nikolay Nekrasovun “Rusiyada yaşamaq kimə yaxşıdır” adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.

Bildirilib ki, festival tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu ilin ən parlaq tədbirlərinə rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən “Pyes necə yazılır?” adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzüba tərəfindən birgünlük intensiv ustad dərsi, “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. “Merlin” Kukla teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə “işıq ilə oyun” sənətini təqdim edəcəklər. Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı, teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir. M.A.P. festivalı, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkətinin dəstəyi ilə təşkil ediləcək.

Festivalla bağlı Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers bunları qeyd edib: “M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi, incəsənət və perfomans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Bakcell şirkəti, ilk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Milli telekommunikasiya operatoru olan Bakcell Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır. “YARAT”, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, ÜNS Yaradıcılıq Səhnəsi, Bakı Konqres Mərkəzi də daxil olmaqla, Bakının ən nüfuzlu teatr məkanları ilə sıx əməkdaşlıq edir”.

M.A.P. Festivalı Pedro Qomes-Eqanyanın noyabrın 9-dan fevralın 10-dək “YARAT” Müasir İncəsənət Mərkəzində keçiriləcək “Xəzər rəsədxanası” adlı sərgisi ilə üst-üstə düşür.

Exit mobile version