Site icon Frame.az

İlber Ortaylının “Azerbaycan ve Kadim şehirleri” adlı kitabının təqdimat mərasimi keçirildi

Oktyabrın 5-də Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xurşudbanu Natəvan təqdimat zonasında türk tarixçisi, böyük elm xadimi İlber Ortaylının “Azerbaycan ve Kadim şehirleri” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda İlber Ortaylı Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında geniş məruzə etdi. O çıxışında bildirdi ki, Türkiyə və Azərbaycan arasında həmişə dostluq, qardaşlıq olub. Bu baxımdan Türkiyə ilə Azərbaycan birliyi siyasi birlik baxımından bir araya gələn ölkələr deyil, ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib məkanlardır. Bu iki dövləti birləşdirən bir çox dəyərlər, mənəvi bağlar var.

İlber Ortaylı çıxışında türk ədəbiyyatı və tarixi ilə bağlı bir çox konseptual məqamlara toxundu. Alim XIV–XV əsrlərdə yaşamış hürufizm tərəfdarı İmadəddin Nəsimidən bəhs edərkən  Nəsiminin ədəbi dili zənginləşdirmək üçün danışıq dilində və şifahi xalq ədəbiyyatındakı bənzətmə, kəlam və deyimlərdən istifadə etdiyini vurğuladı,  Nəsiminin müasirləri Mustafa Zərir, Qazi Bürhanəddin, Şah Qasım Ənvar və Cəlali sultanı Qiyasəddin Əhmədin  türk  dilində yazdıqlarını qeyd etdi.

Alim bildirdi ki, XVI əsrdə Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü inkişafın bu mərhələsində Azərbaycan türk dilinin və ədəbiyyatının tarixində ən parlaq dövr hesab edilir. Şah İsmayıl “Xətai” ləqəbilə əsasən Azərbaycan dilində, qismən fars dilində yazmışdır. Şah İsmayıldan başlayaraq təqribən bir əsr boyunca Səfəvi imperiyasında azərbaycan dili sarayda, orduda və məhkəmədə istifadə edilib. Dövrün qızılbaş eliti linqvistik ideologiya və Azərbaycan dilində ədəbiyyatın inkişafına öz töhfəsini verib. Bu dövrdə İraqda  yaşamış azərbaycanca, farsca, ərəbcə yazan Məhəmməd Füzuli Azərbaycan poeziyasının klassiki hesab edilir.

Daha sonra tarixçi alim ona ünvanlanan sualları cavablandırdı, iki qardaş ölkənin tarixi-ədəbi mətnlərini ortaq ədəbiyyat kontekstindən təhlil predmetinə çevirdi.

Görüş İlber Ortaylının təqdim etdiyi yeni kitabını imzalamaqla başa çatdı.

 

Exit mobile version