Site icon Frame.az

İltihab prosesini aradan qaldıran 8 məhsul

Orqanizmdə baş verən iltihabi proseslər bir sıra səbəblər üzündən baş versə də onlar həyatın normal axarına birbaşa mənfi təsir göstərir. Hərarət, ağrı və şişlər – demək olar ki istənilən iltihabi proseslərin göstəricisi olan bu simptomlar sizin immun sisteminizin infeksiyaya qarşı amansız mübarizədə olduğunun sübutudur. Lakin heç də hər şey göründüyü kimi asan deyil.

Ciddi simptomların üzə çıxdığı zaman sözsüz ki həkimə müraciət etmək vacibdir, lakin soyuqdəymə, əzilmə və ya vətərlərin dartılması kimi daha sadə hallarda siz müvafiq qida maddələrindən istifadə etməklə orqanizmə iltihabi proseslərin öhdəsindən gəlməkdə kömək edə bilərsiniz.

Məqaləmizdə bəzi xəstəliklər zamanı dərman preparatlarını əvəz edə və ya tamamlaya biləcək sadə, əlverişli və ən əsası təbii məhsullardan söhbət açacağıq.

Kərəviz

Kərəvizin tərkibində apigenin adlı maddə mövcuddur ki, o da çox güclü iltihab əleyhinə təsirə malikdir. O iltihab nahiyəsində damarların tutulmasının qarşısını alaraq qızratı və şişi aradan qaldırır. Görünən nəticəni əldə etmək üçün gündəlik təqribən 50 qram kərəviz qəbul etmək lazımdır.

Ananas

Ananas C vitamini və bromelayn enzimi ilə zəngindir. Sonuncu leykositlərin fəallığına təsir göstərərək onların infeksiya ilə mübarizəsini sürətləndirir. Bu maddə eyni zamanda ağrıkəsici təsirə də malikdir və ağır fiziki idman növü ilə məşğul olan idmançılar tərəfindən bioloji aktiv əlavə kimi qəbul edilir.

Zəncəfil

Zəncəfilin orqanizmdə iltihabi proseslərə qarşı ən güclü silahı qinqerol adlı maddədir ki, məhz ona görə o tünd acıya çalan dad alır. Bu maddə damarları genişləndirir və iltihab nahiyəsi də daxil olmaqla qan dövranını yaxşılaşdırır ki bu da iltihabın nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarır.

Balıq yağı

Balıq yağında yüksək səviyyədə mövcud olan omeqa-3 yağ turşuları sayəsində orqanizmdə bir sıra iltihabi proseslərə yol açan maddələrin ifraz olunmasının qarşısı alınır, bu da demək olar ki iltihab əleyhinə dərman maddələrinin təsirinə bərabərdir. Bu yağ revmatoid artritdən əziyyət çəkən insanlara daha çox məsləhət görülür. Arzulanan halda balıq yağını yağlı balıq sortları ilə, məsələn qızılbalıq ilə də əvəzləmək mümkündür.

Kurkuma

Kurkumanın sarı piqmenti sayılan kurkumin gözlərdə baş verən iltihabı proseslərə çox güclü təsir göstərir. Aparılan tədqiqatlar sayəsində müəyyən edilib ki, bu ədviyyadan və tərkibində kurkumanın əsas olduğu karridən mütəmadi istifadə zamanı gözlərdəki iltihabi proseslər azalır.

Giləmeyvələr

Həkimlər xroniki iltihablardan əziyyət çəkən insanlara öz gündəlik qida rasionlarına təzə və ya dondurulmuş giləmeyvələr əlavə etməyi məsləhət görürlər. Moruq, çiyələk, böyürtkən və digər giləmeyvələr nəinki sizin rasionunuzu rəngarəng edəcək, eyni zamanda onların tərkibinə daxil olan proantosianidlər və ellagik turşusu sayəsində çox güclü antioksidant və iltihab əleyhinə təsir göstərəcəklər.

Kök

Kök digər narıncı rəngdə olan tərəvəzlər kimi A vitamini və beta-karotinlərlə zəngindir. Məhz bu komponentlər oynaqların iltihablaşmasının qarşısını alır. Lakin nəzərə alın ki, daha effektiv olması üçün kökü qaynadıb qəbul etmək lazımdır.

Badam

Badamda mövcud olan bir sıra yağ turşuları nəzərəçarpacaq dərəcədə iltihabların qarşısını alır və ağrı simptomlarını azaldır. Alimlər bu fikrə bir sıra kliniki tədqiqatlardan sonra gəlmişlər.

Maraqli.info

Exit mobile version