“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir və avqust ayından etibarən ölkədə “buster” dozanın vurulmasına başlanılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet sertifikat”ı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədəolma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet sertifikatı”nın müddətini müddətsiz olaraq uzadır.
Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.
Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır.