Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Muzey Mərkəzində 2017-ci il may ayının 2-dən 8-dək “İRS” Respublikanın sərvəti, Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində” adlı sərgi və qalereyanın loqotipinin təqdimatı keçiriləcəkdir.
Son illərdə Azərbaycanda turizmin inkişafı istiqamətində islahatlar aparılır, ölkəmizin mədəniyyət, idman və turizm ölkəsi kimi tanıdılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Beynəlxalq Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanda keçirilir. Azərbaycan dünyada sülhün, tolerantliğin, həmrəyliyin, sivilizasiyalararası qarşılıqlı anlaşmanın mövcud olduğu ölkə kimi beynəlxalq müstəvidə öz rolunu oynayır.
Cari il may ayının 4-dən 6-dək Bakıda növbəti dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi planlaşdırılır. 2017-ci il 12-22 may tarixində Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu müddət ərzində Bakıya müxtəlif xarici ölkələrdən yüksək səviyyəli qonaqların gəlişi gözlənilir. Belə tədbirlər ölkəmizin incəsənətini təbliğ etmək üçün də əlverişli imkanlar yaradır.
“İRS”. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində adlı sərginin təşkilində əsas məqsəd milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsindən, turistlərə mədəni xidmətin göstərilməsindən, eyni zamanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının mədəni proqramının zənginləşdirilməsindən ibarətdir.
Qalereyanın loqotipinin təqdimat mərasimi 2017-ci il may ayının 2-də saat 17:00-da Muzey Mərkəzinin akt zalında (II mərtəbə), sərginin açılışı isə saat 18:00-da Sərgi Qalereyasında (IV mərtəbə dəyirmi zal) təşkil olunacaqdır. Frame.az