EventsMədəniyyətTəqdimatƏn SonƏn Son

“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” proqramı çərçivəsində növbəti təlim keçirilir

Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin dəstəyi,  Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) tərəfdaşlığı ilə “İBİS Baku City Hotel”də UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursuna başlanıldı. Kurs Qlobal Kommunikasiyalar və İnnovasiyalar Şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində reallaşır.

AYSF İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə çıxış edərək proqram çərçivəsində bu günə kimi təşkil edilən üç təlim kursu haqqında qısa məlumat verdi. Bildirdi ki, təlim kursları 1954-cü il Haaqa Konvensiyası, münaqişələr zamanı mədəni irsin qorunması ilə bağlı olan konvensiya, 2005-ci il mədəni müxtəlifliyin qorunması ilə bağlı və dünya irsi ilə bağlı konvensiyaları əhatə edirdi.

Qeyd olundu ki, iki gün ərzində təşkil ediləcək təlim ölkəmiz üçün vacib əhəmiyyət kəsb edir. Kursun təlimçiləri və ekspertləri Türkiyədən dəvət olunub. V.Eyvazzadə daha sonra təlimin qısa xülasəsini iştirakçıların diqqətinə çatdırdı. Dedi ki, təlim çərçivəsində qeyri-maddi mədəni irs nədir, nominasiya faylları necə hazırlanır, ekspert xidməti, qeydiyyat prosesi, üzv ölkələrin öhdəlikləri və digər mövzularda məruzələr təqdim olunacaq. Təlimdə həmçinin konvensiyanın mətnində olan məqamlara, təlimat sənədində olan vacib məsələlərə toxunulacaq, reprezentativ siyahının növləri ilə bağlı ayrıca məlumat veriləcək. Bundan əlavə, katibliyin rolunun nədən ibarət olduğu və siyahıyaalınma prosesində beynəlxalq təcrübələr barədə də söhbət aparılacaq.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, konvensiya məzmun və fəaliyyət baxımından Mədəniyyət Nazirliyi üçün xüsusi əhəmiyyətə malikdir. Konvensiyanın əsas məqsədi UNESCO-ya üzv ölkələrdəki insanların yaradıcılığının məhsulu olan mədəniyyət nümunələrinin milli və beynəlxalq səviyyədə qorunmasıdır. Azərbaycan UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”na 2006-cı ildə qoşulduğu gündən qurumda bu istiqamətdə aktiv fəaliyyət göstərib, bir sıra layihələrə dəstək olub. Nazir müavini dedi ki, Azərbaycanın UNESCO-da ən uğurlu fəaliyyəti ölkəmizin 15 nominasiyasının qurumun müxtəlif siyahılarına daxil edilməsidir: “Bu siyahıda həm də təcili qorunmaya ehtiyacı olan fayllar yer alıb. Bugünkü təlimdə Türkiyədən olan təlimçilərin iştirakı da təsadüfi deyil. İllərdir biz bu istiqamətdə Türkiyə ilə sıx əməkdaşlıq edirik. Belə təlimlər bacarıqların inkişaf etdirilməsinə, qurumlar arasında əlaqələrin yaradılmasına və mütəxəssislərin yetişməsinə öz töhfəsini verir. İnanıram ki, hər bir iştirakçı öyrəndiyi bilik və bacarıqları tətbiq edərək öz həmkarları ilə də bölüşəcək”.

Sevda Məmmədəliyeva UNESCO ilə Azərbaycan arasında münasibətlərdə, xüsusilə də konvensiya fəaliyyətində Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolu və dəstəyini diqqətə çatdırdı. Xalqımızın mədəni irsinin qorunmasında göstərdiyi xidmətlərə görə Mehriban xanıma təşəkkürünü ifadə etdi.

Çıxışının sonunda təlimin işinə uğurlar arzulayan nazir müavini bu il də ölkəmiz tərəfindən yeni nominasiyaların siyahıya daxil ediləcəyini bildirdi.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli çıxışında təlimin sahələr üzrə töhfəsindən söz açdı. Qeyri-maddi mədəni irsin qorunmasının müəyyən şərtləri olduğunu vurğulayaraq bu şərtlərin reallaşmasında və təsdiqlənməsində Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyətin və razılığın vacibliyini diqqətə çatdırdı.

Daha sonra təlim öz işinə başladı. Birinci gün gündəliyə uyğun olaraq İstanbul Texniki Universitetinin Ənənəvi sənətlər şöbəsinin müdir müavini, sənətşünas Aslıhan Erkmenin məruzəsi dinlənildi. Məruzədə qeyri-maddi irs nədir, bu irsin qorunmasının zəruriliyi və əhəmiyyəti mövzularına toxunuldu.

Günün ikinci yarısı Türkiyə Ənənəvi sənətlər dərnəyinin üzvü Sona Tomaç konvensiyanın əsas müddəaları və konvensiya ilə əlaqəli əməliyyat təlimatları barədə məlumat diqqətə çatdırıldı.

Təlim çərçivəsində həmçinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısı üzrə müvafiq faylların hazırlanmasında vacib məqamlar, qeydiyyat prosesi, siyahıyaalma mexanizmlərinə dair beynəlxalq təcrübələr mövzusunda məlumat verildi.

Qeyd edək ki, təlim kursunda Mədəniyyət Nazirliyi və regional idarələrin əhatə etdiyi mədəniyyət müəssisələrin, Dövlət Turizm Agentliyi, Mədəniyyət və İncəsənət Universiteti, “ABAD” publik hüquqi şəxsi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Heydər Əliyev Mərkəzi, AMEA-nın Əlyazmalar İnstitutu, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, “Arts Council Azərbaycan” və Bəstəkarlar İttifaqının nümayəndələrindən ibarət dinləyicilər iştirak edirdi.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!