Sərgi

İsgəndərovlar ailəsinin sərgisi keçiriləcək

Hər zaman mədəni irsimizin təbliğinə önəm verən “NUR Art House” qalereyası 24 aprel 2017-ci il tarixində saat 19.00-da tamaşaçılarını Azərbaycan incəsənətində yüzilliklər boyu davam edərək ənənəyə çevrilmiş və varislik prinsipi üzərində yoğrulmuş bir ailənin – İsgəndərovların sənət dünyası ilə ilə tanış edən “İsgəndərovlar” sərgisinə dəvət edir.

İstedadlı heykəltaraş,Əməkdar rəssam Zeynalabdin İsgəndərovhəm də Roma Rəssamlıq Akademiyasının fəxri professorudur. Kiçik yaşlarından rəssamlıq və heykəltəraşlığa xüsusi maraq göstərmiş, heykəltəraşlıq və rəssamlıq üzrə dərnəklərdə məşğul olmuş sənətkar, orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olmuşdur. 1971-ci ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir. Z.İsgəndərovun tələbəlik illərində gildən hazırladığı, plastik tutumuna və bədii şərhinə görə “tələbə işi” çərçivəsindən kənara çıxan etüdləri, əlində səhəngi su ilə dolduran gənc qızın təsvir olunduğu milli koloritli “Bulaq başında” adlı kompozisiya ifadəli siluet, zərif plastika və axıcı ritmi, romantik-lirik ruhu təsdiqləyən bədii-estetik məziyyətləri ilə diqqəti cəlb etmişdi. SSRİ Rəssamlıq Akademiyasının prezidenti Nikolay Tomski gənc və istedadlı heykəltaraşı yüksək qiymətləndirmiş və Zeynalabdin onun dəstəyi ilə SSRİ Rəssamlar İttifaqına üzv olmuşdu.

1977-ci ildə Bakıya qayıdan Zeynalabdin İsgəndərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyətə başlayır. Tovuzda Sovet İttifaqı Qəhrəmanı Y.Sadıqovun (1979) və Astarada Sovet İttifaqı Qəhrəmanı M.Cəbiyevin (1981), milli heykəltəraşlığımızın portret janrına böyük töhfəsi olan “Görkəmli xalçaçı Lətif Kərimov” heykəllərində, görkəmli sənət adamlarının – xalq artistləri S.Qədimova, L.Bədirbəyli, xalq rəssamları M.Abdullayev, K.Əliyev, M.Rəhmanzadə, ictimai xadim Y.Rzayev, M.Mirzə, yazıçı X.Hasilovanın və s. məzarüstü abidələrində Zeynalabdin İsgəndərov onların iç dünyalarına nüfuz edə bilmişdir.

Əllərini tanrı dərgahına yönəldib, onunla mənəvi-ruhi təmasa yetişən imanlı adam – “Namaz”, sol əlində tutduğu quru kəlləni ətrafına nümayiş etdirməklə xəyala dalan fəlsəfi düşüncə daşıyıcısı – “Mütəfəkkir”, uzun dalğın saçların altında haldan-hala düşən musiqiçi – “Musiqiçi”və.s kompozisiyalar da obrazların plastik ifadəsi ilə diqqəti cəlb edən sənət nümunələridir.

Heykəltəraşın övladları Əli və Xanım İsgəndərovlar da onun yolunu layiqincə davam etdirir. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş Əli, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur, sonradan Romada (İtaliya) təhsilini davam etdirir. Onun “Kənd mənzərəsi”, “Yol ayrılığı”, “Kənddə bahar”, “Gecə mənzərəsi” və s. foto-etüdləri rəssamın özünəməxsus duyumunun bəhrəsidir.

Heykəltəraşın qızı Xanımın da əl işləri tamaşaçılara xoş anlar bəxş edəcək.
26.04.2017-ci il tarixində saat 16 :00-da Z.İsgəndərov tərəfindən “Naturadan iş” adlı “Ustad dərsi”ndə əyani şəkildə insan təsvirinin işlənməsi göstəriləcək.
Sənətin sirlərini öyrənmək, sənətkarla tamaşaçı arasında canlı ünsiyyət qurmaqla mədəni irsimizi yaşatmağı əsas missiyası hesab edən “NUR Art House” istedadların təşviqinə böyük önəm verir və sizi İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən qalereyamızda görməyə daim şaddır. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!