Mayın 22-də İslamiadanın sonuncu günündə kişilər və qadınlar arasında tennis üzrə fərdi yarışlar başa çatıb.
Frame.az xəbər verir ki, həm kişilərin, həm də qadınların fərdi yarışlarında finalda türkiyəli idmançılar üz-üzə gəliblər.
Qadınlar arasında yarışın finalında qızıl medala Ayla Aksu sahib olub. A.Aksu rəqibi Berfu Cengizə 6:3 və 6:2 hesabı ilə qalib gələrək çempion adına layiq görülüb.
Üçüncü yer uğrunda görüşdə isə Özbəkistan tennisçisi Sabina Şaripova Oman təmsilçisi Fatma Al Nabhani üzərində inamlı qələbə qazanaraq (6:2, 6:2) bürünc medalı aktivinə yazdırıb.
Kişilərin finalında isə çempion adına Anıl Yüksələ 6:4 və 6:4 hesabı ilə qalib gələn adına Altuğ Çelikbilek sahib olub.
Üçüncü yer uğrunda görüşdə isə Qətər tennisçisi Zayid Mübarək Şannan Mərakeş təmsilçisi Amin Ahuda üzərində qələbə qazanaraq bürünc medalı aktivinə yazdırıb. İlk setdə 6:0 məğlub olan Oman tennisçisi ikinci setdə zədələnərək oyunu davam etdirə bilməyib.
Qadınların yarışında medalları qalib idmançılara Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva təqdim edib.
Kişilərin mübarizəsində isə fəxri kürsüdə yer alan tennisçilərə medallar Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadə tərəfindən təqdim olunub.