Site icon Frame.az

İssık-Kulda modelyer-dizayner Gülnarə Xəlilovanın kolleksiyası nümayiş etdirilib

Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərinin yaxınlığında yerləşən “Nomad” Mədəniyyət Mərkəzində III Dünya Köçəri Oyunlarına gələn modelyerlərin kolleksiyasından nümunələr nümayiş etdirilib və musiqi kollektivlərinin böyük konserti olub. Tədbirdə 30-dan çox ölkənin dizaynerləri milli və müasir geyimlərini, ifaçılar isə öz milli musiqilərini təqdim ediblər.

Frame.az Azərtac-a istinadən xəbər verir ki, Beynəlxalq Etnomədəniyyət Festivalı çərçivəsində keçirilən tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova və gənc xanəndə Səbinə Ərəbli təmsil edib. İfaçılarımız Azərbaycan xalq və bəstəkar mahnılarını, romanslarını və təsniflərimizi səsləndiriblər. Onların çıxışları alqışlarla qarşılanıb.

Gülnarə Xəlilovanın 10 müasir geyimdən ibarət kolleksiyası iştirakçıların böyük marağına səbəb olub. O, 2014-cü və 2015-ci illərdə Çin Xalq Respublikasının Urumçi şəhərində Moda Həftəsinin mükafatlarına layiq görülüb. Modelyer-dizaynerin kolleksiyası “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilib. 2015-ci ilin iyulunda o, Rusiyanın İrkutsk şəhərində VI Beynəlxalq Etnik Kostyumu Festivalında milli geyim kolleksiyasından nümunələr təqdim edib. 2016-cı ilin noyabrında Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində ənənəvi Moda Həftəsində “Xalçaların dili” geyim kolleksiyasını nümayiş etdirib və tədbirin mükafatına layiq görülüb. Gülnarə Xəlilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunan bir neçə kitabın, ali məktəblər üçün nəzərdə tutulan dərsliyin və kataloqların müəllifidir. O, 2005-ci ildən indiyədək Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihələri əsasında keçirilən muğam müsabiqələrində aparıcıların milli geyimlərinin tərtibatını verib. 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Tədbirdə Azərbaycanın KİV nümayəndələri də iştirak ediblər.

Exit mobile version