IqtisadiyyatSəyahətTurizmTəqdimat

İstanbulda Azərbaycanın işgüzar turizm imkanları tanıdılır

Mayın 25-də İstanbulda açılan “ACE of MICE” beynəlxalq turizm sərgisində Azərbaycanın işgüzar turizm imkanları nümayiş olunur.

Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzi, turizm agentlikləri, hotellər, Bakı Konqres Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla 13 təşkilat təmsil edir.

Tədbir çərçivəsində nümayəndə heyətimizin Azərbaycanda işgüzar tədbirlər təşkil etməkdə maraqlı olan, eləcə də işgüzar turizm üzrə ixtisaslaşmış şirkət və qurumlarla ikitərəfli görüşləri keçirilir, ölkəmizin bu sahədə potensialı tanıdılır.

Görüşlərdə beynəlxalq tədbirlərin və biznes görüşlərin keçirilməsi üçün geniş, müasir imkanlara malik Qafqazın ən böyük konqres mərkəzi hesab olunan Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və “Bakı Expo Mərkəzi” kimi beynəlxalq səviyyəli məkanlar haqqında məlumatlar verilir.

Sərginin açılışında Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) İdarə Heyətinin sədri Firuz B.Bağlıkaya ölkəmizin buradakı stendini ziyarət edərək Azərbaycanın Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərovla fikir mübadiləsi aparıb, iştirakçılara uğurlar arzulayıb.

“ACE of MICE” sərgisində maraqlı tərəflərlə, həmçinin Bakı şəhəri və regionlarda yerləşən orta və irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik turizm infrastrukturları, hotellər, o cümlədən Qarabağın turizm potensialı haqqında məlumatlar bölüşülür.

İşgüzar turizm imkanlarının tanıdılmasında əsas məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşləri kimi tədbirləri ölkəmizə cəlb etməklə, işgüzar məqsədlərlə səfər edənlərin sayının artırılmasına nail olmaqdır.

Bu il doqquzuncusu keçirilən “ACE of MICE” dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi hesab olunur.

İstanbul Konqres Mərkəzində “Türk Hava Yolları” tərəfindən təşkil olunan sərgidə turizm sahəsi üzrə 15 mindən çox mütəxəssisin bir araya gəlməsi hədəflənir.

Sərgi mayın 27-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu tərəfindən bu sahənin təbliğatı və Azərbaycana irimiqyaslı tədbirlərin cəlb olunması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektorla əməkdaşlıq edilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!