Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə “play-off” mərhələsinin daha bir cavab görüşü keçirilib.
Frame.az xəbər verir ki, İtaliya millisi İsveçi qəbul edib.
Milanın “San-Siro” stadionunda təşkil olunan qarşılaşmanı baş hakim ispaniyalı Antonio Matö Lahoz idarə edib. Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk görüşdə İsveç yığması 1:0 hesabı ilə qalib gəlib. Ona görə də İtaliya yığması mundiala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməli idi. Lakin meydan sahiblərinin 90 dəqiqə ərzində etdiyi cəhdlər heç bir fayda verməyib. Nəticədə skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.
Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yığması yenidən azarkeşlərini kədərə qərq edib.