Kaspersky, şəffaflıq mərkəzlərinə virtual giriş açır və yeni təlim proqramına başlayır
İnformasiyanın istifadəyə açıqlığı ilə bağlı qlobal təşəbbüs çərçivəsində, Kaspersky öz şəffaflıq mərkəzlərinin xidmətlərinə virtual giriş açıb və özəl və ictimai təşkilatların, eləcə də akademik qurumların işçilərinə İT infrastrukturunun təhlükəsizlik səviyyəsini qiymətləndirmək bacarığı əldə etməyə imkan verəcək Kiber Potensialın Gücləndirilməsi Proqramını (Cyber Capacity Building Program) həyata keçirib.
Hazırda təlimi yalnız onlayn başa vurmaq olar, sonradan, mümkün olduqda, oflayn formatda da mövcud olacaqdır. Təlimdə əldə olunan bacarıqlar, korporativ İT infrastrukturlarına və şəbəkələrinə inteqrasiya olunmuş üçüncü tərəf tətbiqlərinin təhlükəsizliyini və bütövlüyünü qiymətləndirməyə kömək edəcəkdir. Təlim, təşkilatlara kiber təhlükəsizlik risklərini tanımaq, idarə etmək və azaltmaq üçün tətbiq edə biləcəkləri bilikləri əldə etməyə imkan verəcəkdir.
“Şəffaflıq mərkəzlərimiz açılandan bəri, biz məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində geniş təcrübə qazanmışıq. Bu bizə göstərdi ki, təkcə mənbə kodu təqdim etməyə hazır olmaq barədə bəyanat kifayət deyil. Təşəbbüsün bütün imkanlarından tam yararlanmaq üçün, tərəfdaşlarımızın informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə sahib olması lazımdır. Məhz buna görə biz xüsusi bir təlim proqramına başlayırıq. O, həm özəl, həm də dövlət qurumlarına istifadə etdikləri məhsulların təhlükəsizliyini qiymətləndirmək bacarığına yiyələnməyə və bununla da öz korporativ şəbəkələrinin kiber müdafiəsini artırmağa imkan verəcəkdir,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Təlimi başa çatdırmaq üçün proqram təminatı hazırlanmasının, proqramlaşdırma və informasiya təhlükəsizliyinin həyat dövrü haqqında əsas təsəvvürlər tələb olunur. Təlim proqramı məhsul təhlükəsizliyinin qiymətləndirilməsi və təhdidlərin modelləşdirilməsi, habelə mənbə kodunun təhlili və boşluqların idarə olunması üzrə giriş kursudur. Pilot proqramda iştirak etmək tamamilə pulsuzdur və 2020-ci ilin üçüncü rübündə ilk növbədə dövlət və elmi qurumlarının işçiləri üçün aktiv olacaqdır. Proqram haqqında daha ətraflı məlumatı https://www.kaspersky.com/capacity-building saytından əldə edə bilərsiniz.
Bundan əlavə, bu gün şəffaflıq mərkəzlərinə fiziki giriş mümkün olmadığından, Kaspersky, şirkətin etibarlı tərəfdaşlarının təhlükəsizlik və şəffaflıq, eləcə də məhsul və xidmətlərdəki ən yaxşı təcrübələrlə tanış ola bilməsi üçün həmin mərkəzlərə uzaqdan giriş imkanı yaradıb. Kaspersky mütəxəssisləri məlumatların emalı prosesləri və məhsulların necə işlədiyi ilə bağlı sualları cavablandırmağa, habelə mənbə koduna onlayn baxış təşkil etməyə hazırdır. Virtual turda iştiraka https://www.kaspersky.com/transparency-center-offices saytından müraciət edə bilərsiniz.