Site icon Frame.az

Kaspersky: Azərbaycan sakinlərinin 87%-i telefon və ya internet dələduzları ilə qarşılaşıb

Mütəxəssislər Azərbaycanda dələduzların fəaliyyətində aktivlik qeydə alırlar. Təcavüzkarlar istifadəçilərə çatmaq üçün uzaqdan rabitə vasitələrindən (e-mail, SMS, sosial şəbəkələr, messencerlər və telefonlar) istifadə edirlər. Bu haqda Kaspersky və Xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin nümayəndələri onlayn mətbuat konfransında məlumat veriblər.

Kaspersky Azərbaycan sakinləri arasında sorğu* keçirib və aydınlaşdırıb ki, telefon və ya internet vasitəsilə hücum edən təcavüzkarlarla ölkə əhalisinin 87%-i ən az bir dəfə də olsa qarşılaşıb. Bunun üçün fırıldaqçılar daha çox messencerlərdən (ənənəvi SMS, həmçinin Whatsapp, Viber ismarışları) istifadə edirlər ki, respondentlərin 80%-i bu platformalarda dələduzlarla ötən il ərzində ən az 1 dəfə də olsa qarşılaşıblar. Dələduzların ikinci ən sevimli hücum vasitəsi sosial şəbəkələrdir. Sorğuda iştirak edənlərin 32%-i bu virtual məkanda fırıldaqçılara tuş gəliblər.

Bundan başqa, telefon dələduzluğu da artmaqdadır. Respondentlərin 28%-i artıq bununla rastlaşıb. Dələduzlar potensial qurbanların diqqətini yayındırmağa ümid bəsləyirlər, buna görə də, onlara ən məşğul zamanlarında zəng edirlər. Zənglərin əksəriyyəti iş vaxtı – bazar ertəsi-cümə axşamı günləri saat 11-dən 18-ə kimi daxil olur.

Təcavüzkarlar lazımı məlumatları öncədən toplayır və aktiv şəkildə sosial mühəndislik üsullarından istifadə edirlər. Ən geniş yayılmış “əfsanələr” gözlənilməz pul uduşunun əldə edilməsi (34%), sərfəli investisiya (24%) və asan qazanc (14%) təklifləri, həmçinin şəxsi hesabla bağlı şübhəli əməliyyat haqqında ismarışlardır.

Özlərini nüfuzlu təşkilatların əməkdaşları kimi təqdim edərək, həmçinin istifadəçilərin sayıqlığını “yuxuya verən” əfsanə və sxemlər düşünərək, təcavüzkarlar istifadçiləri konkret addımlar atmağa sövq edirlər: bank kartı məlumatlarının əldə etmək, kartdan karta ödəniş etməyə məcbur etmək. Təcavüzkarların həyata keçirdiyi hər altıncı hücum uğurlu alınıb və onlar dələduzluq sxemi üçün bütün lazımı məlumatları ələ keçiriblər. Zərərçəkmişlərin əksəriyyətinə dəymiş zərər 25 manat olub.

“Araşdırma təsdiqlədi ki, pandemiya və ümumi özünütəcrid fonunda dələduzluq getdikcə genişlənir, ölkəmizin sakinləri üçün bu təhdidin miqyası daha da böyüyür. Bu gün dünyada sosial mühəndislik vasitəsilə insanların aldadılması üzrə bütöv bir sənaye mövcuddur. Onunla mübarizə yalnız bazardakı bütün iştirakçıların müştərək fəaliyyəti, o cümlədən müştərilərin maliyyə savadlılığını artırmaqla mümkündür”, – Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin idarə rəisi Tural Məmmədovun sözlərinə görə Azərbaycanda dələduzların məsuliyyətə cəlb olunması qaydalarının və cəzalandırma şərtlərininin sərtləşdirilməsinə ehtiyac var.

“Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum  500 manat məbləğində dələduzluq faktı olmalıdır. Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövzud olmadığından dələduzlar bundan suiistifadə edir. Xüsusən də elektron vasitələrdən istifadə etməklə həyata keçirilən dələduzluqlarda az məbləğlərlə daha geniş əhatə dairəsinə malik olmaq mümkün olur ki, bu da vətəndaşların ümumi maliyyə itkisini 500 manatdan qat-qat çox edir. Lakin individual şikayətlər baxımından bu məbləğ 500 manatı çox zaman aşmadığından və zərərçəkələri şikayətçi qismində prosesinə cəlb etmək mümkün olmadığından dələduzlar çox zaman cəzasız qala bilir. Buna görə elektron vasitələrdən istifadə etməklər həyata keçirilən dələduzluğa klassik dələduzluq kimi baxmaq hazırda özünü doğrultmur və bu cəza mexanizminə yenidən baxmağa ehtiyac vardır!”

Onu sözlərinə görə , eyni zamanda vətəndaşların da zərərin az və ya çox miqdarda olmasından asılı olmayaraq şikayət etməsində fayda vardır. Təəssüf ki prosesin uzunluğu və zaman itkisi baxımından vətəndaşlar şikayət etmədə elə də həvəsli deyillər.

Kaspersky telefon və internet dələduzları ilə mübarizəyə kömək edəcək əsas təhlükəsizlik qaydalarını xatırladır:

nə isə təklif edən və ya məlumat əldə etməyə çalışan yad adamlardan gələn zənglərə ehtiyatla yanaşın;

elektron poçt məktubları və ya ismarışlardakı şübhəli linklərə keçid etməyin;

heç bir halda CVV şifrə və SMS-lə gələn birdəfəlik şifrəni və ya push-bildirişləri heç kəsə bildirməyin;

guya bankdan gələn zəng zamanı dəstəyi asın və kartın əks tərəfində göstərilən nömrə vasitəsilə banka özünüz zəng edin;

fərdi istifadəçilərə fişinq ismarışlarını və saytlarını tanıya bilən Kaspersky Internet Security həllini quraşdırmaq, şirkətlərə isə əməkdaşlarının rəqəmsal savadlılığını, məsələn, Kaspersky Automated Security Awareness Platform platformasının köməyilə artırmaq tövsiyə olunur.

* Sorğu ERA Marketing Center tərəfindən xüsusi olaraq Kaspersky üçün həyata keçirilib. Face-to-face (üzbəüz) üsulu ilə Bakı, Gəncə və Sumqayıt şəhərinin sakinlərinin rəyi öyrənilib. Ümumilikdə yaşı 18-dən yuxarı 500 sakin sorğuya cəlb olunub.

 

Exit mobile version