Kaspersky: insanların 42%-i yalnız Covid-19-a qarşı peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky dünyadakı onlayn tanışlıq xidmətləri istifadəçiləri arasında sorğu keçirib və müəyyən edib ki, respondentlərin 42%-i yeni tanış olduğu şəxslə yalnız bir şərtlə görüşməyə razıdır – o, ya koronavirusa qarşı peyvənd olunmalı ya da antitellərə malik olmalıdır.

Pandemiyanın bu məsələdə öz payı var: insanlar internetdə yeni tanışlıqlar axtararkən daha ehtiyatlı olmağa başlayıblar. Əgər 2020-ci ilə qədər onlayn tanışlıqlar yalnız 16% insan üçün üzbəüz görüşlə nəticələnmirdisə, indi tanışlıq xidmətləri istifadəçilərinin təxminən üçdə biri (35%) üçün münasibət virtual məkandan kənara çıxmır.

İnsanlar “canlı” görüşlərdən yalnız məhdudiyyətlər və infeksiya qorxusu səbəbindən çəkinmirlər. Onları başqa məqamlar da narahat edir. Demək olar ki, hər beş nəfərdən biri (18%) internetdə tanış olduğu biri ilə ilk dəfə üz-üzə gələn zaman özünü təhlükəsiz hiss etmir. Bunun səbəbi aydındır: 65% qorxur ki, yeni tanışı virtualdakı şəxs olmaya bilər. Yarıdan çoxu həm rəqəmsal (55%), həm də real dünyada (54%) təqibə məruz qalmaqdan qorxur. İnsanlar bu riskləri azaltmağa çalışırlar. Belə ki, əksəriyyət (72%) canlı görüşdən əvvəl video ünsiyyət yaratmaq və ya ən azından sadəcə telefonla danışmaq istəyir.

“Pandemiyanın yaratdığı məhdudiyyətlər rəqəmsal təhdidlər sahəsində yeni tendensiyaların baş qaldırmasına səbəb olub. Məsələn, indi ölkəmizdəki insanların teatr və ya kinoya getmək imkanı yoxdur, bu da istər-istəməz onlayn tanışlıq xidmətlərinin populyarlığının artmasına şərait yaradır. Xatırlatmaq istərdik: internetdəki məxfiliyinizə çox ciddi yanaşmalı, özünüz haqqında çox məlumat yerləşdirməməli və yad bir şəxslə hansı məlumatları paylaşmağa hazır olduğunuzu ətraflı düşünməlisiniz. Təcavüzkarlar açıq mənbələrdən topladıqları məlumatları necə uyğunlaşdırmaq lazım olduğunu bilirlər və onlardan fişinq, şantaj və ya birbaşa fırıldaqçılıq üçün istifadə edə bilərlər”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Şirkət onlayn tanışlıq xidmətlərində hesab sahibi olanlara tövsiyə edir:

iş və ya yaşayış yerini göstərən fotoşəkilləri və ya digər şəxsi məlumatları paylaşmayın;

ünsiyyətin əvvəlində xidmətə daxil edilmiş messencerdən istifadə edin. Telefon nömrənizi dərhal verməyin və ünsiyyəti kənar bir messencerə keçirməyə tələsməyin;

az tanıdığınız şəxslərdən gələn şübhəli linklərə keçid etməyin;

fişinq linkinə keçid və ya yoluxmuş faylı yükləmək cəhdlərini zərərsizləşdirən effektiv qoruma həllərindən, məsələn, Kaspersky SecurityCloud-dan istifadə edin.

* Sorğu, Kaspersky-nin sifarişi ilə Sapio agentliyi tərəfindən 2021-ci ilin iyun ayında aparılıb. Sorğuda dünya üzrə 18 min respondent iştirak edib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: