IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

Kaspersky işədüzəltmə sahəsində 2023-cü ilin əsas fırıldaqçılıq sxemlərini araşdırıb

“Təhlükəli iş”: Kaspersky işədüzəltmə sahəsində 2023-cü ilin əsas fırıldaqçılıq sxemləri haqqında danışır 

Fırıldaqçılar çox vaxt qanuni işə götürənləri və böyük işverənləri təqlid edirlər. Onların işə götürmək yox, aldatmaq istədiklərini necə başa düşmək olar? Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov məşhur fırıldaqçılıq sxemlərindən danışır və işə qəbul zamanı fırıldaqdan yayınmaq üçün tövsiyələri ilə bölüşür.

Əsas fırıldaqçılıq sxemləri hansılardır

  1. Ödənişli təlimlər. Əgər iş spesifik proqramların və ya xidmətlərin istifadəsini nəzərdə tutursa, sizdən onun istifadəsi ilə bağlı məcburi təlimdə iştirak etmək və təlim üçün ödəniş etmək tələb oluna bilər. İnandırıcı olmaq üçün “işəgötürən” bu pulu ilk maaşla kompensasiya edəcəyinə söz verə bilər, amma çox güman ki, “təlim”-dən sonra it də gedəcək, ip də.
  1. İş tapmaqda pullu yardım. Fırıldaqçılar qısa müddət ərzində işəgötürən tapacağını vəd edən saxta işə götürmə agentliyi yarada bilərlər. Xidmət üçün ödəniş edəcəksiniz, amma ideal iş olmayacaq.
  1. Alətlərin, təchizat materiallarının və s. alınması. Sizə işə qəbul olunduğunuz bildirilir. Ancaq ona başlamaq üçün xüsusi alət, cihaz, ayrıca noutbuk tələb olunur. Sizdən onu müəyyən bir saytdan almağınız xahiş olunur və pulun ilk maaşda kompensasiya ediləcəyi vəd edilir.
  1. Malların təkrar satışı. Ola bilsin ki, sizə iş deyil, kiçik biznesdə iştirak təklif olunur. Siz bahalı elektronika və ya dəbli əşyaları yarı qiymətə alırsınız və sonra onları tam qiymətə sata bilərsiniz. Burada hər şey daha sadədir – ilk alışdan sonra (əlbəttə ki, ilkin ödənişlə) ya heç nə əldə etmirsiniz, ya da çox ucuz və bərbad saxta mallar əldə edirsiniz.
  1. Adi fişinq. Bəzən “işə götürmə” şəxsi məlumatlarınızın başqa fırıldaq sxemlərində istifadə edilməsi üçün ələ keçirilməsinə xidmət edir. İşə qəbul olunduğunuz elan ediləcək və siz tipik bir iş ərizəsi formasını doldurmalı olacaqsınız. Buraya ev ünvanı, telefon nömrəsi, VÖEN, fərdi sığorta nömrəsi, “əmək haqqı üçün” bank rekvizitləri daxil olmaqla şəxsi məlumatları əlavə etməyiniz tələb edilir. Əgər link fişinq idisə, belə bir anketi doldurub göndərdikdən sonra “işəgötürəniniz” qeybə çəkilərək bir daha qarşınıza çıxmayacaq.

İşə müraciət edərkən fırıldaqçıları necə tanımaq olar

  1. Dürüst işəgötürənlər sizdən pul istəmirlər. Ödəniş nə cür adlandırılır adlandırılsın – avadanlıq üçün əvvəlcədən ödəniş, təhsil haqqı, sertifikatlaşdırma üçün materialların alınması, qeydiyyat haqqı, təhlükəsizlik depoziti – öz pulunuzu yatırmaq tələbi fırıldaqçıların sizi “işə götürməyə” cəhd etməsinə əsas işarədir.
  2. Dürüst işəgötürənlər kifayət qədər tələbkardırlar. Əgər ilk müsahibənin ardınca böyük bir korporasiyada yüksək maaşlı bir işə qəbul olunursunuzsa, bir düşünün. İşə qəbul və işə çıxmaq üçün çox sıx son tarixlər şübhəlidir. Yaxşı bir vakansiyanın müraciətçinin iş stajı, təcrübəsi və ixtisası haqqında əsaslı tələbləri yoxdursa, burada da fırıldağın əlamətlərini axtarmaq olar.
  3. Fırıldaqçılar brendləri saxtalaşdıra bilərlər. Ola bilsin ki, işə götürən şirkət sizi nüfuzlu şirkətdə və ya hətta dövlət xidmətlərində işləmək üçün işə qəbul edir. Bu baş verir, lakin işəgötürənlərin həqiqətən bu şirkətlə əməkdaşlıq etdiyini və şirkətin işçilərinin iştirakı ilə ən azı bir müsahibənin keçirildiyini yoxlamaq lazımdır. İşəgötürənin və işverənin reputasiyasını yoxlayın: internetdə “işə götürənin adı” + “fırıldaqçı” və ya “işəgötürən firma” + “işə götürmə fırıldağı” və ya “işə götürən şirkətin adı” + “rəylər” birləşməsini axtarın. Brendin veb saytında vakansiyalar bölməsini yoxlamaq da faydalı ola bilər – orada sizə təklif olunan iş varmı?
  4. Fırıldaqçılar fişinqdən fəal şəkildə istifadə edirlər. “Saxta” HR işçilərinin korporativ ünvanlara bənzəyən, lakin əslində fişinq domenlərində və ya Gmail kimi pulsuz poçtlarda yerləşdirilən ünvanlardan yazışmaları qeyri-adi hal deyil. Əlbəttə ki, hər zaman ayıq-sayıq olmaq və bütün link və ünvanları yoxlamaq çətindir, xüsusən də “arzularınızdakı iş” ağlınızı başınızdan alırsa. Buna görə də, zərərli link barədə sizi vaxtında xəbərdar edəcək və onu bloklayan xüsusi proqramların köməyi ilə fişinq linklərini izləməklə özünüzü sığortalaya bilərsiniz.

“Təhlükəli iş”-dən necə qorunmalı?

  1. Özünüzdən soruşun: işəgötürən mənim haqqımda necə xəbər tutub? İş axtarmadığınız bir vaxtda cəlbedici təklif almaq artıq şübhə doğurur. Əgər siz iş axtarırsınızsa və məşğulluq saytlarında əlaqə məlumatları olan CV yerləşdirmisinizsə, dürüst işəgötürənlərlə yanaşı, fırıldaqçılar da qapınızı döyə bilər. Ayıq olun.
  2. Şəxsi məlumatları əvvəlcədən təqdim etməyin. Əmək müqaviləsi adətən ilk iş günündə bağlanır. Əgər sizdən ətraflı şəxsi məlumat, o cümlədən, bank rekvizitləri əvvəlcədən tələb olunarsa, imtina edin.
  3. Etibar etdiyiniz biri ilə məsləhətləşin. Vakansiyanı və işəgötürənlə yazışmaları etibar etdiyiniz şəxs və ya şəxslərə göstərin. Nəyi gözdən qaçırdığınızı onlar fərq edə bilər. Xüsusilə şübhəli hallarda kənar rəy vacibdir.
  4. Gələcək işəgötürəninizi təkrar yoxlayın. Yəqin ki, siz artıq həmin şirkətdə işləyən birini tanıyırsınız. Ondan işin həqiqətən vakansiya üçün açıq olub-olmadığını soruşun. Təcavüzkarlar texnikalarını daim təkmilləşdirirlər. Buna görə də, sayıqlıq, sağlam düşüncə və şəxsi təmaslar vasitəsilə yoxlama xoşagəlməz sürprizlərdən qoruya bilər. Xüsusilə bunları onlayn həyatınızı qorumaq üçün etibarlı bir həll ilə birləşdirirsinizsə.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!