«Kaspersky» kiberhücum uşaqların real həyatına ciddi təsir göstərir
“Kaspersky” şirkəti “Dərs Evi” təhsil mərkəzində uşaqlar və valideynləri üçün təhlükəsiz internet mövzusunda seminar keçirib. Seminarda məruzəçi qismində “Kaspersky” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov çıxış etdi.
Seminarda məruzəçi valideynlərin uşaqlarda qadjet vərdişlərini necə inkişaf etdirdiklərini və erkən yaşlarda elektron cihazlardan həddindən artıq istifadənin neqativ nəticələrindən danışdı. O, həmçinin qeyd edib ki, hər valideyn uşağı ilə internet məkanda olan mümkün təhlükələr barədə söhbətlər aparmır.
“Uşağı zərərli məzmundan və digər onlayn təhlükələrdən qorumaq üçün valideynlər ilk növbədə uşaqlarla etibarlı münasibət qurmalı və şəbəkədəki təhlükəsiz davranış qaydaları haqqında danışmalıdırlar. Uşaqların əksəriyyəti məktəbə getdikdə şəxsi gadjetə sahib olurlar və valideynlərin onlarla təmasda olması xüsusilə vacibdir. Azərbaycanda 7-10 yaş arası uşaqların təxminən 30% -nin smartfon və ya planşeti var, yeniyetmələr arasında isə (11-14 yaş) isə bu göstərici 67% -ə çatır”, – Müşviq Məmmədov dedi.
Şirkətin Azərbaycandakı nümayəndəsi seminar iştirakçılarına həmçinin kiberhücum təhlükəsi barədə də məlumat verdi, qeyd etdi ki, internetdəki təhdidlər real həyatda da ciddi təhlükəyə çevrilə bilər. Bundan başqa, seminar iştirakçılarına bir çox aktual kiber təhdidləri tanıyan və bloklayan, yersiz məzmunu süzgəcdən keçirən və potensial təhlükəli onlayn təmasların qarşısını alan “Kaspersky Safe Kids” həlli barədə məlumat təqdim edildi.
“Bu həll vasitəsilə valideynlər uşağın sosial şəbəkədə dərc etdiyi məlumatlardan və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola bilər, real vaxt rejimində uşağın yerini də öyrənə bilərlər. Bütün bu funksiyalar yalnız uşağın şəbəkəyə qoşulduğu halda aktiv olur. Uşaqlar cihazlarında şəbəkəni söndürdüyü zaman, valideyn bu barədə məlumat alır”, – bunu M.Məmmədov dedi.
“Kaspersky” şirkətinin təşkil etdiyi seminar interaktiv formatda keçirildi, təqdimat zamanı iştirakçılar şirkət nümayəndəsindən suallarına ətraflı cavablar aldılar.
Ümumilikdə seminarda 50-dən çox valideyn, uşaq və tələbə, habelə blogerlər və media nümayəndələri iştirak etdilər.