Mobil dünyaTəqdimat

Kaspersky kiberhücumlarla mübarizə üçün yeni texnologiyasını patentləşdirib

ABŞ Patent və Əmtəə Nişanları İdarəsi “Kiberhücumlarla mübazirə üçün elektron cihazların klasterləri arasında əlaqələrin təhlili üçün sistem və metodlar” patentini qeydə alıb. Kaspersky-nin sözügedən yeni texnologiyası rəqəmsal cihazları bir hesabla vahid şəbəkədə birləşdirməyə və cihaz konfiqurasiyaları arasında oxşarlıqları axtarmağa kömək edir.

Deloitte şirkətinin məlumatına görə son üç ildə bir evdə və ya bir istifadəçinin ixtiyarında olan şəbəkə interfeysinə malik elektron cihazların sayı iki dəfə artıb. Bu baxımdan internetə qoşulan cihazların və onların sahiblərinin təhlükəsizliyini təmin edən texnologiyaların da əhəmiyyəti artır.

Kaspersky tərəfindən patentləşdirilmiş metod sizə şəbəkədəki hər bir cihazı görməyə və sonrasında mövcud və ya potensial təhlükəsizlik boşluqlarını tanımaq üçün onu oxşar şəbəkələrlə əlaqələndirməyə imkan verir. Texnologiya şəbəkədəki qurğulardan hər hansı birinin təhlükəli olduğunu və onun vasitəsilə artıq hücumların həyata keçirildiyini və ya oxşar şəkildə konfiqurasiya edilmiş şəbəkənin pozulduğunu aşkar edərək istifadəçini bu barədə xəbərdar edə bilir.

Ənənəvi cihaz əlaqələndirmə texnologiyaları silinə bilən məlumatlara (məsələn, kukilər) və ya evristikaya əsaslanır ki, bu da dəqiq metod deyil. Kaspersky-nin yeni texnologiyası cihazların onları istifadə edən şəxsin profili vasitəsilə etibarlı və uzunmüddətli əlaqələndirilməsini təklif edir, həmçinin onlardakı dəyişikliklərə operativ reaksiya verir. O, naməlum cihazın cihaz klasterinə əlavə edilməsini təmin edir. Bu üsul qadcet və ətraf mühit arasında əlaqənin müəyyən edilməsini nəzərdə tutur. Aşkar edilmiş nümunələr gələcəkdə digər cihazları eyni klasterə əlavə etmək üçün istifadə olunur. Cihazlar arasındakı əlaqələr hesablanmış oxşarlıq əmsalından istifadə etməklə müəyyən edilir. Bu texnologiyanın məqsədi ayrı-ayrı cihazların və ya müəyyən cihaz konfiqurasiyalarının risk altında olub-olmamasını görmək, lazımi qorunma həlləri təklif etmək və təmin etmək üçün təhlükəsizlik həllərinə qoşulmuş cihazları təhlil etməyə kömək etməkdir.

“Cihazların əlaqələndirilməsi texnologiyaları əsasən marketinqdə istifadəçi davranışını öyrənmək üçün istifadə olunur. Lakin biz kibertəhlükəsizlik şirkəti olaraq görürük ki, onların qoşulmuş cihazların qorunması istiqamətində problemlərin həlli üçün böyük potensialı var”, – deyə texnologiyanın ixtiraçısı və Kaspersky-nin əqli mülkiyyət üzrə mütəxəssisi Dmitri İvanov qeyd edir. “Patentləşdirilmiş texnologiya hələ həllərimizə daxil edilməsə də, biz mümkün tətbiqləri araşdırırıq. Əmin olmaq istəyirik ki, o, əşyaların internetinin təhlükəsizliyini yeni səviyyəyə qaldıracaq”.

Kaspersky fəaliyyəti müddətində təkcə ABŞ-da 412 patent, Rusiya, Avropa İttifaqı, Çin və Yaponiya da daxil olmaqla isə dünya üzrə 1338-dən çox patent alıb.

Kaspersky texnologiyaları haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!