Mobil dünyaTəqdimat

“Kaspersky” texnoloji mövzulara həsr olunan ilk qısametrajlı film festivalı keçirəcək

“Kaspersky” tərəfindən yaradılmış və rəqəmsal mədəniyyətdən bəhs edən “Tomorrow Unlocked” adlı onlayn jurnal texnoloji mövzulara həsr olunan ilk beynəlxalq qısametrajlı film festivalını təşkil edir.

Frame.az-a görə, festivalda texnologiyanın dünyanı müsbətə doğru dəyişdirməsindən bəhs edən filmlər göstəriləcək və bu filmlərin qəbuluna artıq başlanılıb. Qısametrajlı film müəllifləri pul mükafatları uğrunda mübarizə aparacaqlar. Finala çıxmış 10 film 2020-ci ilin 5 aprel tarixində Barselonada keçiriləcək “Tomorrow Unlocked” film festivalında (TUFF) nümayiş olunacaq. Bundan əlavə, seçilmiş filmlər 2020-ci ilin 6-8 aprel tarixlərində Barselonada keçiriləcək və kiber təhlükəsizlik mövzusuna həsr olunacaq “Security Analyst Summit” beynəlxalq konfransda nümayiş olunacaq.

“Tomorrow Unlocked” film festivalı texnologiyanın dünyamızı yaxşılaşdırması və yeni imkanlar yaratmasını göstərmək üçün təşkil edilən ilk beynəlxalq film festivalıdır. Bunun üçün təşkilatçılar mürəkkəb texniki məlumatların asan təqdim edildiyi və süjetin mərkəzində insanın yer aldığı filmləri axtarırlar. Filmlər fərdilik, cəmiyyət və gələcək məsələlərinə, eləcə də, texnologiya ilə əlaqəli istənilən mövzuya aid ola bilər. Festivalın novatorlar, rəssamlar, texnoloqlar, futuristlər, alimlər və sahibkarları cəlb etməsi gözlənilir.

Müsabiqənin nəticələrinə görə, TUFF festivalının münsifləri ən yaxşı 10 qısametrajlı filmi seçəcəklər və bu filmlər 5 aprel 2020-ci ildə Barselonada böyük ekranda nümayiş olunacaq. Qalib 10 min ABŞ dolları məbləğində mükafat alacaq. Daha 3 qalib 3 min ABŞ dolları, qalan altı finalçı isə min ABŞ dollar qazanacaq.

Qısalığı özünün əsas keyfiyyəti hesab edənlər üçün təşkilatçılar ayrıca “The Five-Second-Challenge” yarışması təşkil edib. Yarışmanın şərtlərinə görə, texnologiyanın rolu 5 saniyə və ya daha az müddətdə izah olunmalı və video “YouTube” kanalında #tuff5sec haştagı ilə yüklənməlidir. Ən yaxşı işlərin müəllifləri 500 ABŞ dollarına qədər mükafat qazana biləcəklər.

TUFF festivalına qeydiyyat və işlərin qəbulu 2020-ci ilin 20 fevral tarixinə qədər heç bir ödəniş olmadan aparılacaq. Müraciət etmək və daha ətraflı məlumat əldə etmək üçün festivalın veb səhifəsinə daxil ola bilərsiniz: www.tomorrowunlocked.com/tuff/

“Film festivalı bizim üçün çox əlamətdar və həyəcanverici bir hadisədir, eləcə də “Tomorrow Unlocked” onlayn jurnalımızın inkişafında böyük bir addımdır. Müasir dünyanı texnologiyasız təsəvvür etmək mümkün deyil. Çünki məhz o, gələcəyimizi təyin edir, lakin bunu hələ hamı anlamır. Buna görə “yaradıcı beyinlər”i insanlara təsir edə bilən, ruhlandıran və maarifləndirən texnologiyalar haqqında hekayələr danışmağa dəvət edirik. Dünyada parlaq qısametrajlı filmlər yaradan çox rejissor və ssenaristin olduğunu bilirik və istedadları üçün yeni bir auditoriya açmaqdan məmnunuq “, – deyə brendin inkişafı şöbəsinin rəhbəri Povel Torrud bildirib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!