Kiotoda yerləşən Saqa İncəsənət Universiteti yemək vaxtı istifadə edilən maskalar hazırlayıb
Yaponiyanın Kioto şəhərində yerləşən Saqa İncəsənət Universitetinin tələbələri koronavirus pandemiyası dövründə yemək vaxtı istifadə edilməsi nəzərdə tutulan xüsusi maskalar hazırlayıblar.
Frame.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, kağızdan və ya xüsusi materialdan hazırlanan həmin maskalar tutacaqla təmin edilib.
Bu məqsədlə keçirilən təqdimat mərasimində Kiotoda fəaliyyət göstərən təqribən 20 restoranın sahibi iştirak edib. Mərasimdə iştirak edən tələbələr maskaların dizaynının və funksionallığının artırılması istiqamətində işlərin davam etdirildiyini də bildiriblər.
Tədbir iştirakçıları təklif edilən maskaların münasibliyini və yemək vaxtı ondan istifadənin rahat olduğunu qeyd ediblər. Həmçinin bu maskaların virusun yayılmasına qarşı səmərəli olduğu da vurğulanıb.
Yemək üçün maskaların ideya müəllifi, Saqa Universitetinin rektoru Sasaki Masako isə koronavirus pandemiyası dövründə bu maskaların yemək vaxtı masa arxasında istifadəsinin səmərəli olacağına ümidvar olduğunu bildirib.