Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə əvvəlki Qəbul şöbəsinin bazasında ən müasir tibbi standartlara cavab verən Təcili tibbi yardım şöbəsi yaradılıb. Şöbə tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
TƏBİB-dən Frame.az-a bildirilib ki, 1000 kvadratmetrdən çox əraziyə malik olan şöbə Türkiyə, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin “emergency” şöbələrinin təcrübəsi əsasında formalaşdırılıb. Bu, Cənubi Qafqazda yaradılan ən böyük Təcili tibbi yardım şöbəsidir.
Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov iştirak ediblər.
Şöbə barədə məlumat verən Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib ki, yeni struktur təlimatlarına uyğun olaraq, Təcili tibbi yardım şöbəsi üç sahəyə bölünüb və hər biri xüsusi rənglərlə (yaşıl, sarı və qırmızı sahə) fərqləndirilib.
Ambulator olaraq müraciət edən, ümumi vəziyyəti stabil olan vətəndaşlara yaşıl sahədə xidmət göstəriləcək. Sarı sahədə bir qədər ağır, amma həyat üçün təhlükəli olmayan hallar üçün tibbi xidmət təmin ediləcək. Ehtiyac yaranarsa, pasiyent sarı sahədən mərkəzin müvafiq şöbələrinə yönləndiriləcək və ya səhhəti imkan verərsə, bir neçə saatlıq tibbi müşahidə altında saxlanıldıqdan sonra ambulator müalicə üçün buraxılacaq. Kritik hallarda – həyat üçün təhlükəli ağır zədələnmələr zamanı pasiyent birbaşa olaraq qırmızı sahədə müalicəyə cəlb olunacaq. Bu sahə insan həyatını xilas edə biləcək bütün mümkün tibbi avadanlıqlarla təchiz olunub, xüsusi “canlandırma otaqları” (CPR – kardiopulmonar reanimasiya otaqları) hazırlanıb. Buranı ilkin reanimasiya zonası da hesab etmək olar.
Şöbənin özəlliklərindən biri də uşaq təcili tibbi yardım xidmətinin təşkil olunmasıdır. Belə ki, həm sarı, həm də qırmızı sahədə iki funksional çarpayı hazırlanıb ki, burada yenidoğulmuşlarla yanaşı, 18 yaşadək hər kəs xidmət ala biləcək. Həmçinin, sarı sahədə ginekoloji təcili tibbi yardım halları üçün nəzərdə tutulan ginekoloji müayinə və müdaxilə otağı da yaradılıb.
Şöbə iki canlandırma otağı (CPR), 8 çarpayılıq mini reanimasiya zalından, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaq zallarından ibarətdir.
Burada müşahidə çarpayılarının sayı ən son tibbi standartlara uyğun olaraq, xəstəxananın ümumi çarpayı fondunun 10-15 faizini təşkil edir. Eyni zamanda, burada çalışan tibb personalının sayı da xəstəxananın ümumi tibb personalının sayının 10-15 faizinə qədərdir.