27 dekabr 2017-ci il tarixində Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramı çərçivəsində “Arts Council Azərbaycan” təşkilatında mədəniyyət sektorunun dəstəklənməsinə istiqamətlənmiş komisklərin təqdimatı keçiriləcək.
Günümüzdə yaradıcılıq sektoru iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir. Avropa İttifaqı ölkələrində onun payına düşən ÜDM 4.2%, gəlirin məbləği isə 535,9 milyard avro təşkil edir. Mədəniyyət və yaradıcılıq sahələrində çalışan avropalıların sayı yeddi milyondan çoxdur – bu göstərici Avropa İttifaqı ölkələrinin iqtisadi fəal əhalisinin 3,3%-ni təşkil edir.
XX əsrin əvvəllərindən başlayaraq komiks janrı Azərbaycanda xüsusi yer almışdı. Bu janr çoxsaylı problemləri qabardaraq rəsm vasitəsilə onların həll olunması yollarını göstərirdi. Müxtəlif mövzularda olan komikslər mədəniyyət, təhsil, cəmiyyətin maarifləndirilməsi və digər sahələri özündə əks ehtiva edirdi.
3 hekayə Azərbaycanda yaradıcı peşələrlə məşğul olan insanların qarşılaşdığı çətinlikləri əks etdirir, bu sahələrdə rast gəlinən problemləri qabardaraq onları müzakirə edir, müxtəlif həll yollarının tapılmasına köməklik göstərir və mədəniyyət siyasətinin lazımi istiqamətlərinin axtarılmasına şərait yaradır. Komisklər “Arts Council Azərbaycan” təşkilatının rəhbəri Dadaş Məmmədovun ideyası əsasında və Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramının dəstəyilə Zöhrab Salamzadə tərəfindən çəkilib.
Yaradıcı insanlar ölkənin inkişafında böyük rol oynayır və onların problemləri ölkə mədəniyyətinə, incəsənətinə və iqtisadiyyatına böyük təsir göstərir. Yaradıcı insanlar hər bir ölkə mədəniyyətinin və iqtisadiyyatının ayrılmaz hissəsidir. Onlara qayğı ilə yanaşmaq, dəstək olmaq çox vacibdir. Mədəniyyət insanları daha yaxşı anlamaq üçün ən gözəl vasitədir.
Başlıca məqsəd diqqəti mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına, o cümlədən, bu sektorda mövcud olan problemlərə yönəltməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən ibarətdir.
Giriş sərbəstdir
Frame.az