Site icon Frame.az

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan orqan sənətinin inkişafı yolu” (1900-2018 illər) mövzusunda elmi konfrans keçirilib

Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə ilk dəfə keçirilən Orqan Musiqisi Festivalı çərçivəsində “Azərbaycan orqan sənətinin inkişafı yolu” (1900-2018 illər) mövzusunda elmi konfrans keçirildi.
Azərbaycan Orqan Musiqisi Festivalı  “Mədəniyyət” televiziya kanalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir.
Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqanologiya elmi laboratoriyasının müdiri, professor Maya Qafarova, orqan sinfinin müdiri, professor Tahirə Yaqubova,  AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri Sevil Fərhadova, Bəstəkarlar İttifaqının üzvü, dosent Lətifə Əliyeva və Azərbaycan Respublikasında Höte İnstitutunun Alman dili tədris mərkəzinin müdiri Zəhra Əlıyeva Azərbaycanda orqan musiqisinin inkişaf yolu haqqında müxtəlif mövzularda məruzələrlə çıxış etdilər.
Məruzələrdə zəngin musiqi aləmində öz layiqli yerini tutan Azərbaycan orqan musiqi məktəbi  və onun qısa zaman müddətində keçdiyi inkişaf yoluna nəzər salındı, qeyd edildi ki, hazırda orqan musiqisinə böyük peşəkarlıqla yiyələnmiş və bu sənəti dünya səviyyəsində təmsil edən musiqiçilərimiz var.
 Xatırladırıq ki, iki gün davam edən festival ərzində musiqisevərləri maraqlı musiqi proqramı gözləyir. Belə ki, festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının кamera və orqan musiqisi zalında keçirilən konsert proqramlarında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək. Təqdim olunacaq musiqi nömrələri orqanla birgə milli musiqi alətimiz olan tarda da ifa ediləcək. Xanəndə və vokalçılar da səhnədə yer alacaqlar.
Eyni zamanda qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli, klassik və etnik musiqinin təbliği və inkişafı məqsədi ilə tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam etməkdir.

Noyabrın 13-də  saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində muğam, mahnı və təsniflərin özünəməxsus tərzdə ifaçısı, xalq artisti Təhmiraz Şirinovun 70 illiyinə həsr olunmuş konsert gecəsi keçiriləcək.

Frame.az

Exit mobile version