Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası keçiriləcəkdir. Bu dəfəki tamaşa görkəmli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuşdur.
Məlum olduğu kimi, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.
28 noyabrda səhnəyə qoyulacaq tamaşada Teatrın aparacı solistləri – Əməkdar artistlər Fərid Əliyev (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Əliəhməd İbrahimov (Təlxək), Tural Ağasıyev (Həmzə), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı), Fidan Hacıyeva (Xanəndə qız), solistlərdən Taleh Yahyayev (Ehsan paşa), Fəhmin Əhmədli (Vəzir), Nurlan Namazov (Vəli) və b. çıxış edəcəklər.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.
Frame.az