Site icon Frame.az

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə sentyabr ayı üzrə 13.8 milyon manat müddətli əlavə ödənilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 avqust tarixli 301 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə sentyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Dövlət agentliyindən Frame.az-a bildirilib ki, Bakı şəhəri üzrə 31, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9460 nəfər tibb işçisinə və 2514 nəfər qeyri-tibb işçisinə sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.8 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi profilaktik tədbirləri həyata keçirən 2058 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.7 milyon manat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Nümunə 1: Poliklinikada çalışan həkim terapevtin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 216 manat 35 qəpik müddətli əlavə almalıdır. 216.35 = ((375 / 26) x 5) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

2. Təcili tibbi yardım xidməti göstərən 3780 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 291 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.5 milyon manat ödənilib.

Nümunə 2: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 60 saat işə cəlb olunubsa, deməli 576 manat 92 qəpik müddətli əlavə almalıdır. 576.92 = ((375 / 156) x 60) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 3331 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4.8 milyon manat ödənilib.

Nümunə 3: Xəstəxanada çalışan həkim infeksionistin 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 360 manat 58 qəpik müddətli əlavə almalıdır. 360.58 = ((375 / 26) x 5) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Onu da qeyd edək ki, 2514 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.8 milyon manat müddətli əlavə verilib. Nümunə 4: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 184 manat 77 qəpik müddətli əlavə almalıdır. 184.77 = ((271 / 22) x 5) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Məlumat üçün bildirək ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə cari ilin oktyabr, noyabr və dekabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək.

Exit mobile version