Site icon Frame.az

Koronavirus siqaret çəkənlərdə daha ağır fəsadlar törədir

Dünyada bir nömrəli gündəm hadisəsi halına gələn koronavirus (COVID-19) siqaret çəkənlərdə daha ağır fəsadlar törədir.

Frame.az xəbər verir ki, bu barədə Türkiyənin Bahçeşehir Universitetinin tibb fakültəsinin xalq sağlamlığı fundamental elm sahəsinin rəhbəri Melike Yavuz bildirib.

Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirusun ən çox xroniki xəstəlikləri olan, xüsusilə ağciyər problemləri ilə qarşılaşan insanlara təsir etdiyini bildirən M.Yavuz virusun siqaret çəkən şəxslərdə daha ağır fəsadlara yol açdığını vurğulayıb.

O deyib: “Bu virus tənəffüs yollarına təsir edən bir xəstəlikdir. Ağır hallarda tənəffüs çatışmazlığı və hətta ağciyər yetməzliyi ilə nəticələnir. Ölümə səbəb olan da daha çox bu hallardır. Bəlli olduğu kimi siqaret ən çox ağciyərə mənfi təsir göstərir. Bu, insanların siqaret çəkmə müddəti və ağciyərdə nikotinin miqdarına görə dəyişir. Elmi tədqiqatlar onu göstərir ki, siqaretdən vaxtında imtina edildikdə bu risk əhəmiyyətli dərəcədə azalır. Misal üçün 30 yaşdan əvvəl siqaretdən imtina edənlərin ağciyərləri heç çəkməyənlər qədər təmiz ola bilir. Burada vacib olan bu zərərli maddədən istifadəni azaltmaq deyil, məhz ondan imtina etməkdir”.

Siqaretin koronavirus meydana çıxmazdan əvvəl də ölümcül xəstəliklərə yol açdığını deyən M.Yavuz bildirib ki, risk yalnız virusla bağlı deyil, siqaret çəkmə ürək-damar xəstəlikləri və ağciyər xərçəngi kimi bir sıra problemlər də yaradır.

Exit mobile version