Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə keçirilən Laçın Şəhəri Günü tədbirləri davam edir.
Avqustun 26-da “Lacinema” kinoteatrında “Laçınım mənim” adlı rəsm sərgisi və “Zamanın qanadlarında. Laçın” fotosərgisi nümayiş olunub.
Günorta saatlarında qonaqlar “Şuşa, sən azadsan!” sənədli filmini izləyiblər. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsal etdiyi filmin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilir. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanın işğaldan azad edilməsində əvəzsiz rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
Günün ikinci yarısında isə kinoteatrda “Oğurlanmış bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” və “Mənim balaca Şahzadəm” animasiya filmləri nümayiş etdirilib.
“Oğurlanmış bahar” animasiya filmində Bahar qızı Div tərəfindən oğurlanır. Bunu görən balaca qəhrəman Baharı xilas etmək istəyir. Balaca qəhrəmanla Bahar birləşib Divin qəsrindən qaçırlar. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir…
Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan filmin quruluşçu rejissoru Aleksandra Şirinova, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Mansur Şəfiyevdir.
“Tıq-tıq və dostları möcüzələr axtarışında” ikihissəli animasiya filminin birinci hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəmizə səyahət edir və balacalara orada bitən, nadir dəmirağac haqqında məlumat verir. Filmdə başqa maarifləndirici məlumatlar da fərqli şəkillərdə uşaqlara çatdırılır.
İkinci hissədə isə Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qəhrəmanların başlarına qeyri-adi və sirli hadisələr də gəlir. Bu sirli hadisələrin ən yaxşı tərəfi qəhrəmana yeni bir dost qazandırması olur…
Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəylidir. Filmin bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.
“Mənim balaca Şahzadəm” animasiya filmində gənc rəssam Məryəm Ələkbərlinin Fransız yazıçı Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Rəssamın “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının 3D animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.
Qeyd edək ki, “Mənim balaca Şahzadəm” animasiya filmi Türkiyə, Banqladeş və Pakistan və Cənubi Koreyada festivallarda uğur qazanıb.