Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi daxilində layihə yönlü idarəçiliyə keçid və 2022-ci il üçün nəzərdə tutulmuş layihələrlə bağlı təqdimat gerçəkləşdi.
Təqdimatdan öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, bu gündən etibarən Mədəniyyət Nazirliyi layihə yönlü fəaliyyətə başlayır: “Layihə yönlü fəaliyyətin məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır. İstəyirik ki, bunu nazirliyin strategiyası və baxışının həyata keçirilməsində effektiv bir alət kimi inkişaf etdirək. Həmçinin nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın mədəniyyət tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsün. Bununla da azərbaycançılığın özəyi olan dəyərlərin və fikirlərin davamlılığı təmin edilsin. Ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə idarəçiliyi yanaşmasıdır. Bununla bağlı artıq bütün sənədlər hazırlanıb və deyə bilərəm ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin tarixində belə bir yanaşmanın tətbiqinə başlanılıb. Bundan sonra bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsilə həyata keçirəcəyik”.
Layihə idarəçiliyinin üstünlükləri barədə məlumat verən Elnur Əliyev bildirdi ki, bu artıq təsbit olunmuş elmi yanaşmadır: “Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metodologiyadır. Üstünlüyü ondan ibarətdir ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resurslarla həyata keçirilir. Layihə yanaşması verilən resurs məhdudiyyətləri çərçivəsində bu məqsədlərə nail olmaq üçün ən səmərəli yoldur. Biz də bunun tətbiqinə çalışırıq. Bunun nazirlik sistemində əlavə üstünlükləri də var. Bu yanaşma nazirlik çərçivəsində koordinasiyanı gücləndirir. Yəni şöbələrin bir-biri ilə əlaqələrini, məlumat paylaşımını gücləndirir. Digər tərəfdən, layihə yanaşması kadr potensialının gücləndirilməsi üçün də vacib bir mərhələdir. Belə ki, əməkdaşlar artıq layihə alətləri ilə işləyərək layihə meneceri kimi təkmilləşəcəklər. Bu da, təbii ki, bizim strategiyamızın əsas məqsədlərindən biri olan insan kapitalının inkişafı baxımından çox vacib addımdır”.
Nazirin birinci müavini bu gün təqdim edilən proses və prosedurların hələlik nazirlik daxili layihələrə aid olduğunu söylədi. O, həmçinin qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığı da layihə yönlü etmək istədiklərini diqqətə çatdırdı: “Bu istiqamətdə də iş aparılır və yaxın zamanlarda onun meyarları da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyində idarəçili təkmilləşdirək. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və o fəaliyyətdə iştirak edən tərəflər o layihədən xəbərdar olacaqlar. Layihə yönlü fəaliyyətin vacib mərhələsi isə layihə sənədidir. Artıq hər bir təklif, hər bir təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu sənəd bütün tərəflərlə müzakirə ediləcək. Bu eyni zamanda ümumi koordinasiyanı gücləndirəcək, şəffaflıq yaradacaq”.
Elnur Əliyev dedi ki, korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında müəyyən öhdəliklər var: “Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki bizim cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəlik mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub”.
Daha sonra Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrinin təqdimatı keçirildi.