Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və Baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, xüsusilə gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlanan L. Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqini izləyiblər. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib. O, qeyd edib ki, Musiqili Teatrda hər zaman gənclərə xüsusi diqqətlə yanaşılır, onlara etimad göstərilir. Demək olar ki, teatrın cari repertuarındakı bütün tamaşalarda baş və əsas rollarda çıxış edən gənclər hər zaman onlara göstərilən bu etimadı doğrultmağa çalışırlar.
Ə. Lalayev qeyd edib ki, “Balaca şahzadə” əsəri teatr tariximizdə Azərbaycan dilində hazırlanan ilk muzikl kimi yaddaşlarda qalacaq. Tamaşanın məşq prosesindən razı qaldıqlarını söyləyən Leyla xanım Əliyeva və qonaqlar yaradıcı gənclərə qayğının vacib olduğunu diqqətə çatdırdılar. “Çox gözəl tamaşa alınacaq. Məşq olmasına baxmayaraq, aktyorların oyununa valeh oldum. Xüsusən gənclərin gözlərindəki yaradıcılıq eşqi məni heyran etdi. Mən sizin teatrda “O olmasın, bu olsun” tamaşasına baxmışdım. Rejissor işi, aktyor oyunu, səhnə tərtibatı, xüsusən kostyumlar valehedici idi. Hər dəfə bu tamaşanı xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, “Balaca şahzadə” tamaşası da uğurlu olacaq, bu, artıq indidən görünür. Musiqili Teatrın belə uğurlu işlərinə biz də sevinirik”, – deyə Leyla Əliyeva gənclərlə söhbətində bildirib, tamaşanın iştirakçıları ilə şəkil çəkdirib.
Görüşdə iştirak edən Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov gənclərə öz tövsiyyələrini bildirdilər, tamaşa haqqında təəssüratlarını bölüşdülər.
Qeyd edək ki, Beynəlxalq layihə kimi hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Amerika Birləşmiş Ştatlarını təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, xoreoqrafı Rusiya Federasiyasının plastika üzrə məşhur rejissoru, Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı gənc rəssam Məryəm Ələkbərli, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın səhnə qrafikası isə Mehdi Məmmədova məxsusdur.
Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru – adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandırır. Səhnə əsərində digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Anton Ferştandt, Şövqi Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov və Atəş Qarayev ifa edirlər.
Frame.az