Site icon Frame.az

Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb

Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət naziri Adil Kərimli xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslərlə görüş keçirib.

Nazirlikdən  bildirilib ki, görüşün məqsədi xaricdə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslər arasında dialoq və şəbəkələşmə üçün münbit şərait yaradılması, eyni zamanda, xaricdə təhsil almış şəxslərin bilik və bacarıqlarından istifadə olunmaqla ölkəmizin mədəni inkişafına töhfə verməkdən ibarətdir.

Görüşdə çıxış edən mədəniyyət naziri ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, gənclərimizin müxtəlif ixtisaslar üzrə xaricdə təhsil alması istiqamətində ardıcıl addımlar atılır: “Sizlərin bir çoxu 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində mədəniyyətin müxtəlif sahələri üzrə təhsil almısınız. Ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinin inkişafı ilə bağlı qarşımızda qoyulan vəzifələrin və tapşırıqların həyata keçirilməsində beynəlxalq təcrübəyə əsaslanan biliklərə, yanaşmalara ehtiyac var”.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən də gənclərimizin mədəniyyət sahəsi üzrə xaricdə təhsil almalarına mütəmadi dəstək göstərilir.

Daha sonra görüşdə iştirakçıların maraqlı fikirləri dinlənilib, mədəniyyətin ayrı-ayrı sahələri üzrə diskussiya keçirilib.

 

Exit mobile version